Fuad Əliyev: Ağır günlərdə 176 ailə sevindi
Azərbaycan Prezidenti İlham Əliyevin sonuncu əfv sərəncamı müxtəlif siyasi qütblərdə və sosial şəbəkələrdə müzakirə olunub. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
“Hesab edirəm ki, Əfv sərəncamını vermək, ailələrə sevinc gətirmək bu humanist addımdır”- ALDP sədri Fuad Əliyev Əfv sərəncamına münasibət bildirib.
Onun sözlərinə görə cəmiyyətin bu çətin dövründə, koronavirusun tuğyan edən bir vaxtda Dövlət başçısının 65 yaşından yuxarı olan məhbusları Əfv etmədi təqdirə layiqdir.
Bu siyahıda “Nardaran hadisələri”nə görə həbs olunan, İslam Partiyasının üzvü və digər müxalif fikirli insanların adları qeyd olunub. Bundan əvvəl Novruz bayramı ərəfəsində Əfqan Muxtarlı və bir neçə müxalif fikirli fəallar azadlığa buraxılmışdı. Keçən il martin 16-da Dövlət başçısının imzaladığı Əfv Sərəncamına əsasən 399 məhbus azadlığa çıxıb. Məhbusların sırasında Gözəl Bayramlı, Ilkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Fuad Qəhrəmanlı, Əli İnsanov və bir çox siyasi məhbuslar olub.
“Məhbus ailələr nələr çəkir, çox ağır və dözülməz bir həyat yaşayırlar. Gözü yollarda qalan, kədər içərisində qovrulan yaxınları sevindirmək Allaha da xoş gedər. Allah günahsız saxlanılanların qapısını açsın, o, cümlədən Tofiq Yaqublunun da” – sonda Fuad Əliyev bildirdi.
Qeyd edək ki, aprelin 6-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.
Dövlət başçısı bu sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.