Bu demokratik cəmiyyət quruculuğunda irəliləyişlərə gətirib çıxaracaq

Bu ilin əvvəlindən başlayaraq iqtidarla müxalifət arasında təmaslar sürətlə artmaqdadır. Ötən ilin noyabrında Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasından sonra bu quruma rəhbər təyin edilən Ədalət Vəliyev demək olar ki, indiyə qədər ölkədə rəsmi qeydiyyatı olan bütün siyasi partiya rəhbərləri ilə görüşüb.

Gedən proseslərin fonunda uzun illərdir ki, qeydiyyatı olmayan partiyaların rəsmləşdirilməsində yaranan problemlər iki ay ərzində aradan qalxdı. Ard-arda 7 siyasi qurum qeydə alındı.

Bütün bunlardan çıxış edərək, koronavirusla əlaqədar ölkədə tətbiq edilən karantin rejimi aradan qaldırıldıqdan sonra iqtidarla müxalifət arasında böyük bir toplantının keçirilə biləcəyindən söz açılır. Hətta “virus araya girməsə, indiyə qədər artıq belə bir görüş baş tutmuşdu” deyə fikirlərə rast gəlinir. 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədr Fuad Əliyev "Yeni Müsavat " qəzetinə açıqlama verib:

“Prezident Administrasiyanın rəsmisi ilə bizim birinci, tanışlıq xarakteri daşıyan görüşdə tam sərbəst şəkildə fikirlərimi bildirdim, üzləşdiyimiz problemləri onun nəzərinə çatdırdım. Fikrimcə, olduqca səmimi bir görüş keçdi. Bu görüşdən sonra siyasi partiyalara münasibətdə hakimiyyət tərəfindən atılan addımları müsbət qiymətləndirirəm. Partiyaların verdiyi təkliflərin bəzilərini həyata keçiriblər. Bayram günlərində dövlət başçısının adından zəng vurub təbriklərin çatdırılması, dövlət başçısının məlum çıxışında iqtidar-müxalifət münasibətlərinin yeni fazaya keçməsi cəmiyyətimiz üçün yenilik idi. Karantinə baxmayaraq, yeni qeydiyyata alınan partiya sədrləri ilə görüş olub. Bu da onu göstərir ki, iqtidarın müxalifətə qarşı münasibətlərində yumşalma var. Karantin dövründə bu görüşləri davam etdirmək olardı. Amma hesab edirəm ki, iqtidar-müxalifət dialoqunun səmərəli keçməsi üçün karantin rejiminin qurtarmasını gözləmək lazımdır. Yəqin ki, karantindən sonra iqtidar-müxalifət görüşü baş tutacaq və bu davamlı olacaq. Ümid edirəm ki, bundan sonra baş tutacaq görüşlər bütövlükdə iqtidar-müxalifət danışıqlarına, demokratik cəmiyyət quruculuğunda irəliləyişlərə gətirib çıxaracaq”.
0.12450909614563