Partiya sədri: Minlərlə vətəndaşın müraciətlərini qəbul etmişik
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının on-line iclasını keçirib. On-line iclasda ictimai-siyasi vəziyyət müzakirə edilib. ALDP sədri karantin dövründə partiya üzvlərinə tətbiq olunan sanitar-epidemioloji qaydalara riayət etməyin vacibliyini deyib.
“Qaydalara riayət etmək, təkcə sizin və sizin ailəniz üçün deyil, bütövlükdə cəmiyyət üçün vacib bir məsələdir. Hər bir partiya üzvü məsuliyyəti dərk etməlidir. Həkimlər hələ bilmirlər ki, bu xəstəlik gələcəkdə hansı fəsadlar verəcək. Ona görə indi tətbiq olunan qaydalara riayət etsəniz, özünüzü və ailənizi təhlükələrdən qorumuş olacaqsız”- Fuad Əliyev bildirdi.
Daha sonra vətəndaşların karantin dövründə rastlaşdığı problemlər, iqtidar-müxalifət münasibətlərin yumşalma fonunda dialoqun vacibliyi müzakirə olundu.
“Əgər biz ölkəmizdə demokratik dəyişikliklər istəyiriksə müxalifət olaraq iqtidarla dialoqa getməliyik. Biz illər boyu hakimiyyətlə dialoqun tərəfdarı olmuşuq. Bu dialoqun baş tutması bütövlikdə cəmiyyətimiz üçün lazımdır. Seçkilər dövründə bu günə gədər minlərlə vətəndaşın üzləşdiyi problemlərlə bağlı müraciətlərini qəbul etmişik, müvafiq organlara çatdırmışıq və əksər problemləri müsbət həll etmişik. Bir neçə məsələni ümumiləşdirib iqtidar-müxalifət görüşündə müzakirə etmək olar.”-ALDP sədri qeyd edib.