Qabaqcıl tədbirlər görülməmiş məktəbləri açmaq olmaz
Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva açıqlamasında bildirib.
Onun sözlərinə görə, avqustun 5-dən karantin rejiminfı müəyyən yumuşalmalar olacaq.
“Nəhayət ki, vətəndaşlar dəniz üzünü görəcəklər. Yəqin ki, bir müddətdən sonra Mollar və ticarət obyektlər, kafe və restoranlar da açılacaq. Amma hələ də məktəblərin açılması barədə Operativ Qərargahın bir fikri yoxdur.”
Bir çox ölkələrdə COVİD-19 səbəbindən bağlanan məktəblərin fəaliyyəti bərpa olunması, digər ölkələrdə isə məktəbləri açmaq üçün fəaliyyət proqramları hazırlanıb.
“Görəsən bizim Təhsil Nazirliyi bu haqda nə düşünür? Fəaliyyət proqramı var? Misal üçün sosial məsafə necə gözləniləcək? Fikrimcə, məktəblər hərarəti ölçən cihazlarla, dezinfeksiya, maye və sabunla təmin olunmalıdır. Ehtiyat üçün məktəblərdə tibbi maskalar olmalıdır. Dərsdən qabaq məktəbin binası dezinfeksiya olunmalıdır. Misal üçün, ailəsində COVİD-19 yoluxan, sağalan olubsa məktəbə məlumat verilməlidir. Məktəblər 3 növbə sisteminə keçməlidir. Bəzi fənlər on-line keçirilə bilər. Artıq yeni tədris ilinin başlamasına bir ay vaxt qalıb. Ümid edirəm ki, Azərbaycanda da sentyabr ayında yeni tədris ili başlayacaq. Amma qabaqcıl tədbirlər görülməmiş məktəbləri açmaq olmaz”- Lalə Quliyeva bildirdi.