Bakıda binada yaşamaq ekstrimə çevrilib: “Qaçqınlar özləri məskunlaşıb, ona görə...” - VİDEOREPORTAJ

Qaraçuxur qəsəbəsindəki bina 14B ünvanının sakinləri problemlərlə üz-üzə qalıb. 

Baku TV xəbər verir ki, binanın həyətində qəzalı vəziyyətə düşən su anbarının təmir olunmaması, binaya liftin qoyulmaması, zirzəmilərdə kanalizasiya sularının yığılması sakinlərin ciddi narazılığına səbəb olub. 

Onlar dövlət qurumlarına müraciətlərinin cavabsız qaldığını deyirlər. 

Həyətdəki böyük su anbarının üzərindəki beton plitələr aylar əvvəl dağılıb. Nəticədə, həyətin ortasında dərin bir quyu əmələ gəlib.

Təxminən 155 tonluq su anbarı hər an faciəyə səbəb ola bilər. 

Binanın zirzəmisində də acınacaqlı vəziyyət hökm sürür. Su anbarının örtüyünün dağılması və binadakı kanalizasiya sisteminin sıradan çıxması ilə bağlı “Azərsu” ASC-dən Baku TV-yə açıqlama verilib.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı həmin problemlə bağlı ərazi üzrə aidiyyəti qurumlara müraciət olunduğunu və tezliklə problemin aradan qaldırılacağını bildirib. 

Binada liftin olmaması məsələsinə Suraxanı Rayon İcra Hakimiyyətindən aydınlıq gətirilib.

Suraxanı İH-nin şöbə müdiri Xanoğlan Allahverdiyev qeyd edib ki, qaçqınlar özləri gəlib orada məskunlaşıblar: “Bina tam təhvil verilməyib. Bu səbəbdən də hazırkı vəziyyətdə oraya lift quraşdırmaq mümkün deyil”. 

0.42926692962646