Ağacların dibinə çınqıl tökülməsi doğrudurmu? - VİDEO

Son günlər sosial şəbəkələrdə şəhərin müxtəlif məkanlarında olan ağacların diblərinin betonlanması müzakirə mövzusuna çevrilib. 

“Bu ağacların günahı nədir görəsən, suya həsrət qalıblar? Diblərinə beton çınqıl töküblər ki, kənardan hiss olunmasın. Ağacların gövdələri susuzluqdan qabıq verib tökülür, mütləq diblərindəki beton təmizlənməli, yerinə torpaq tökülməlidir. Ümid edirəm ki, səsimə, daha doğrusu, dilsiz ağacların harayına hay verən olacaq”.

Bu cümlələr “Facebook” istifadəçisi Rumiyyə Miraslan adlı şəxs tərəfindən paylaşılıb.

Ərazidə istirahət edən sakinlərin mövzuya münasibəti birmənalıdır. Əksər vətəndaşlar ağacın dibinə çınqıl və beton tökülməsinin əleyhinə olduqlarını dilə gətirirlər. Sahə rəisinin sözlərinə görə, böyük ağaclari həftədə bir dəfə olmaqla, xırda ağaclar isə demək olar hər gün suvarılır. Və sosial şəbəkədə paylaşılan bu fikirlər həqiqəti əks etdirmir.

Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə bildirdilər ki, ərazi mütəmadi olaraq nəzarət altındadır və vaxtı-vaxtında aqrotexniki qulluq göstərilir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyir ki, həmin ərazidə qayda pozuntusundan söhbət gedə bilməz. 

Hikmət Əlizadə onu da bildirdi ki, ağacların kənarlarının asfaltlanması və dibinin betonlanması ilə bağlı nazirlik tərəfindən ciddi nəzarət var. Belə qayda pozuntusu aşkarlandıqda dərhal ciddi cərimə tətbiq olunaraq qarşısı alınır.

0.28992390632629