Bakıda piyadanı yük avtomobili ilə vuraraq öldürən sürücünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb

Bakıda piyadanı yük avtomobili ilə vuraraq ölümünə səbəb olan “KamAZ” sürücüsünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb.

APA-nın məlumatına görə, bu il martın 21-də Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Zahid Ömərovun sərxoş halda idarə etdiyi “KamAZ” markalı, 10-UA-651 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolu keçmək istəyən piyada 1985-ci il təvəllüdlü Abdullayev İsmayıl Yaşar oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktı qeydə alınıb. Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Ömərov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Lakin daha sonra Z.Ömərovun hadisəni qəsdən törətdiyi ortaya çıxıb. Ona verilən ittiham dəyişidirilib. Z.Ömərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Onun barəsində aparılan ibtidai istintaq başa çataraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0.33980107307434