Partiya sədri: Ermənilər müharibə yolunu seçiblər

İşğalçı Ermənistan yenidən Tovuz istiqamətində Azərbaycana qarşı hərbi təxribatlara başlayıb. Düşmənin bu ilin iyul ayından etibarən məhz bu ərazidən həmlələr etməsinin arxasında hansı planların dayandığı barədə çoxsaylı suallar var. Azərbaycan cəmiyyəti isə düşmənin bu istiqamətdə hər hücumundan sonra daha da sıx birləşir. Bəs müxalifət Tovuzda yenidən döyüşlərin bərpa edilməsi və Ermənistanın artan aqressiyası haqda nə deyir?

Baku News xəbər verir ki, bu sualı “Yeni Müsavat” qəzetinin müxbiri Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə ünvanladı.

ALDP sədri Fuad Əliyev bildirdi ki, baş verənlər Ermənistanın müharibə yolunu seçməsinin daha bir təsdiqidir: 

“Azərbaycana Ermənistan tərəfindən törədilən təxribatdan sonra Ermənistanın baş naziri və müdafiə naziri qondarma ”DQR"ə səfər etdilər. Daha sonra baş nazirin həyat yoldaşı 18-27 yaşlı erməni qadınların hərbi təlimlərdə iştirak etməsi üçün çağırış etdi. Şəxsən özü əlində silahla şəkil çəkdirir, bizə hədə-qorxu gəlir. Ermənistan müdafiə naziri Gəncəni vurmaqla hədələyir. Bütün bunların ardınca Tovuzda yenidən atəşkəsin pozulması o deməkdir ki, ermənilər müharibə yolunu seçiblər. Ermənistanın artan bu aqressiyasının qabağı alınmalıdır. Biz beynəlxalq hüquqa əsaslanıb, BMT-nin məlum qətnamələrini əsas tutaraq işğalda olan torpaqlarımızı təcili güc yolu ilə azad etməliyik. Ermənilər müharibə yolu seçiblərsə, onda bizm başqa yolumuz qalmır. Biz işğalda olan torpaqlarımızı müharibə yolu ilə azad etməliyik".

0.18292903900146