ALDP-dən Xocalı soyqırımı ilə bağlı Bəyanat

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatda deyilir:

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində erməni faşist-terrorçu dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən Xocalı soyqırımı törədilib. Xocalı soyqırımı zamanı şəhərin dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Bu soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Xocalı faciəsi erməni faşistlərin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə və soyqırımı siyasətinin növbəti dəhşətli nümunəsidir. 

Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayətlər nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın, Uşaq hüquqları haqqında Konvensiyanın və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulub. 

Dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Soyqırımın törədilməsindən 29 il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən lazımi siyasi və hüquqi qiymət verilməyib və bu cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib.

ALDP bir daha beynəlxalq təşkilatları və dövlətləri Xocalı qətliamını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması üçün onu soyqırımı və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırır.

Qeyd olunur ki, bu Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, Human Rights Watch, Amnesty İnternational, CARE International, Danish Refugee Council,  Norwegian Refugee Council, International Alert, International Bridges to Justice, Save the Children International, Transparency International, World Vision, NDI, Avropa Parlamentinin bir sıra üzvlərinə və ALDP-nın əməkdaşlıq etdiyi partiyalara göndərilib.

7.7154211997986