Fuad Əliyev Məzahir Pənahovun "sirrini" açdı
Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının yeni tərkibi formalaşdırılıb. Tərkibdə əsas diqqətləri daha çox hakim Yeni Azərbaycan Partiyasının parlamentə göndərdiyi adlar çəkib.
Göründüyü kimi, siyahıda birinci şəxs MSK-ya 20 ildir rəhbərlik edən 70 yaşlı Məzahir Pənahovdur. Aydındır ki, MSK sədrini də hakim çoxluq müəyyən etdiyindən Məzahir Pənahovla “tamam” deyil, “davam” qərarı verilib.
MSK üzvləri kimi YAP mənsublarının çoxluğunu, eləcə də bitərəf deputatların daha çox iqtidarpərəst olduqları üçün təqdim etdikləri şəxslərin də olacağı ehtimallarının yüksəkliyini nəzərə alaraq, M.Pənahovun yenidən sədr seçiləcəyini indidən söyləmək olar. Digər tərəfdən, onun alternativsiz namizəd olacağı da açıq görünür.
M.Pənahova yenidən etimad göstərilməsi çoxlu müzakirələrə yol açıb.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ”Yeni Müsavat”-a bildirdi ki, Məzahir Pənahovun “sirri”ni hakimiyyətdaxili çəkişmələrdə axtarmaq lazımdır:
“Bundan qabaq da demişdim ki, başladılan kadr islahatları yarımçıq qalıb. Yəqin ki, Məzahir Pənahov bu dəfə də MSK sədri seçiləcək. Komissiya sədri kimi onun fəaliyyəti birmənalı deyil və fəaliyyəti ilə bağlı narazı olanların sayı çoxdur. Məzahir Pənahov alimdir, ziyalıdır və ona bu baxımdan hörmət edirəm. Amma bir neçə sahələrdə gəncləşmə getdiyinə görə MSK-da da yeniləşmə olmalıdır. Və bunun üçün savadlı və peşəkar kadrlar var. Hər halda, kimin seçilməsinə baxmayaraq, əsas iş seçki sisteminin təkmilləşdirilməsindən keçir. Seçki komissiyaları həqiqi mənada müstəqil olmalıdırlar. Seçki komissiyalarının formalaşmasında müəllim və həkimlər iştirak etməməlidirlər. Seçkilər isə ”Elektron səsvermə" ilə keçirilməlidir".