Nizami Verdiyev: Onlar dedi-qodu, mətbəx söhbəti kimi yanaşırlar

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyevin Xəbər-PS-a müsahibəsi.

- Nizami bəy, bu gün bir çox siyasi partiyaların hər hansı  fəaliyyət proqramı ortaya qoymadan özünü yalnız etirazla ifadə etmək istəyi bu düşərgə ilə cəmiyyət arasında hansı  yeni körpüləri yaradır?

- Fikrimcə, öz fəaliyyətini yalnız iqtidarı tənqid ətrafında qurub, gündəmdə qalmaq istəyən partiyalar hər kəsə bəllidir. O da məlumdur ki, müxalifət iqtidarın səhvlərini deyən, ona rəqib bir siyasi tərəfdir. Biz hamımız müxalifət olaraq müəyyən problemlərlə bağlı hakimiyyətə tənqidlə yanaşır və məsələlərin həllini tapması tələbləri ilə çıxışlar edirik. Sadəcə olaraq bunun formaları fərqlidir. Cəmiyyətimizdə müəyyən bir kəsim var ki, prezident seçkilərindən sonra “bizi irəliyə, mübarizəyə aparmaq üçün güclü lider lazımdır”- deyə, öz fikirlərini deyirlər. ALDP sədri Fuad Əliyevə, mənə də belə müraciərlər olub. Mən deyirəm ki, Fuad Əliyev sizin qaldırdığınız hər hansı məsələ ilə bağlı öndə getməyə hazırdı, amma sizdə gəlin. Cavabları bu olur: “mənim nəyimə lazımdır”. Biri də deyir ki, dükan işlədir, ayrıla bilməz və sair. Bu da onu göstərir ki, insanların özlərinin də öz problemlərinə qarşı laqeyd yanaşmaları var. Axı həyatını yaxşı yöndə dəyişmək istəyən vətəndaş ona mane olan problemləri qabartmalı, özünün etirazını bildirməlidir. Və təbii ki, mən bildirmişəm ki, əgər haqlarınızın müdafiəsinə qalxa bilsəniz liderləri öz içərinizdən tapacaqsınız. Düşünürəm ki, tənqid də ağıl və məntiqlə olmalıdır.

- Siz əvvəldə maraqlı bir məqama toxundunuz. Təxminən dediniz ki, narazı olanlar lider axtarır, amma öz etirazlarını bildirmək üçün başqa cəmiyyətlərdə normal qarşılanan azad toplşmq hüququndan ya istifadə etməyə ərinir, yaxud da laqeydlik göstərirlər. Ola bilərmi ki, məhz cəmiyyətin tramplinləri sayılan ictimi-siyasi təşkilatlar öz passivliyi ilə onları da özlərinə bənzədiblər. Onlar arzu etdikləri liderdən nə gözləyirlər?

- Məsələ burasındadır ki, güya lider axtaran, lakin özünün işi olduğunu deyib, kölgədə qalmaq istəyənlər sadəcə demaqoqiya ilə məşğul olanlardır.  Lider “axtarışları” onun bizi müxalifətçi kimi ittihamlamaq istəyindən yaranır. Təbii ki, bu da növbəti bir yanlışlıqdır. İnsanlar onu əhatə edən problemlərin həllinə nail olmaq üçün hər hansı nazirlə birbaşa təmas qura bilmirlər. Unudurlar ki, normal dinc şəraitdə aksiyalar keçirib öz sözünü lazımı yerlərə çatdırmaq imkanı var. Amma vətəndaş buna da etinasız yanaşır. Biz isə partiya olaraq toplaşaraq müəyyən məsələlərlə bağlı bəyanatlar verir və hakimiyyətin bütün səhv adımlarını, nöqsanlarını açıqlayırıq. Ən azından biz bunu edirik. Amma vətəndaş sənin hüquqların pozulur, çoxlu problemlərin var, amma bununla bağlı heç nə etmək istəmirsən. Öz məsələnə  dedi-qodu, mətbəx söhbəti kimi yanaşırsan. Yəni o, bu gün bizə nə dəstək verir, nə də özü irəliyə çıxmır.

- Niyə ALDP bir qədər aktiv partiyalarla əməkdaşlıqlar qurmur?

- Hesab etmirəm ki, ALDP aktiv partiya deyil. Əksinə, 2-3 partiya var ki, o cümlədən biz, hər gün müxtəlif məsələlərlə bağlı öz mövgeyini bildirir. Biz əməkdaşlığa hazırıq. Görünür onlar hələ ki, hazır deyillər.  

- Nizami bəy, bir çox siyasilər artıq “Parlament müxalifəti”- deyilən anlayışın yox olduğu qənaətindədir. Sizin buna fikriniz nədir?

- Sözsüz ki, hakimiyyəti bir partiya təmsil edir. Digər partiyalar isə müxalifət hesab olunur. Yəni iki yönümlü partiya var - iqtidar, müxalifət. Milli Məclisdə olan partiyalar əksəriyyəti iqtidaryönlüdür. Amma ayrı-ayrı çıxışlara diqqət çəksək, BAXCP sədri Qüdrət Həsənquliyevin, MCP sədri Razi Nurullayevin, BQP sədri Fazil Qəzənfəroğlunun müxalifyönlü çıxışları olur.

 

1.6511850357056