Şuşa Bəyannaməsinə dəstək bəyanatı da bu birliyin göstəricisidir
15 iyunda Azərbaycan və Türkiyə arasında Şuşada imzalanan Bəyannamə ölkə ictimaiyyəti tərəfindən birmənalı şəkildə dəstəkləndi.
Şuşa Bəyannaməsi kimi tarixə düşən sənədlə iki ölkə arasında mövcud olan münasibətlər, əməkdaşlıq yeni müstəviyə keçir.
Şuşa Bəyannaməsinə siyasi cameə, o cümlədən müxalifət də səssiz qalmadı. Ölkədə fəaliyyət göstərən 48 siyasi partiya Şuşa Bəyannaməsinə dəstək ifadə edən bəyanat yaydı. Bu bəyanat ölkədəki milli, siyasi birliyin göstəricisi kimi qəbul olundu və ictimaiyyət tərəfindən müsbət qiymətləndirildi.
Şuşa Bəyannaməsinə dəstək bəyanatını imzalayan partiyalardan biri-Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Cebhe.info-ya açıqlamasında deyib ki, müxalifətin mövqeyi siyasi birliyin nümayişi idi:
“İllər boyu Qarabağ məsələsində müxalifətlə dialoqun mənasız olduğunu deyirdim. Çünki Qarabağ problemi hər kəsi birləşdirən məsələdir. Burada iqtidar-müxalifət bölgüsü olmamalıdır. Normal müxalifət bu məsələdə sözsüz ki, hakimiyyətin yanında olmalıdır. 44 günlük Vətən müharibəsi göstərdi ki, iqtidar, müxalifət partiyaları xalqla birgə eyni hədəfə vurdu və müzəffər ordumuz qalib gəldi. Baxmayaraq ki, hərbi əməliyyatlar bitib, hazırda informasiya müharibəsi gedir. Hesab edirəm ki, yenə də biz birlik nümayiş etdirməliyik. Şuşa Bəyannaməsinə dəstək bəyanatı da bu birliyin göstəricisidir. Kimlərsə çalışır ki, daxildə bizi bölsün. Buna görə də bizləri aşağılamağa çalışırlar. Düşünürəm ki, bu, dövlətçiliyə, xalqa qarşı fəaliyyətdir. Ona görə də bu məsələdə biz daim birlikdə olmalıyıq. Hakimiyyətin Qarabağla bağlı apardığı siyasəti birmənalı olaraq dəstəkləyirik”.