Partiya sədri: Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana verməsi....
“Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana verməsi Prezident İlham Əliyevin bu istiqamətdə atdığı qətiyyətli və məqsədyönlü addımlarının nəticəsidir”.
Bu fikri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
ALDP sədrinin sözlərinə görə, mina xəritələrinin verilməsi ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyi öz nəticəsini verdi:
“Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi bunu sübut edir. Çünki bu məsələdə Ermənistanın beynəlxalq qanunları pozduğu və Azərbaycanın haqlı olduğu dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb”.
Fuad Əliyev deyib ki, mina xəritələrinin verilməsi dövlət başçısının qətiyyəti nəticəsində əldə edilən növbəti diplomatik uğurdur:
“Bu hadisəni Azərbaycanın xarici siyasətdəki növbəti nailiyyəti hesab etmək olar. Bu baxımdan mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın təhlükəsizliyini təmin edəcək, işğaldan azad olunmuş ərazilərin bərpasını və Böyük Qayıdışı sürətləndirməyə imkan verəcək”.