ALDP sədri: Bundan başqa ölkəmiz üçün bir xeyir görmürəm

“Şərq Tərəfdaşlığı” sammitinin bu ilin dekabrında keçirilməsi planlaşdırılır. Bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidməti məlumat yayıb.

Məlumata görə, sammitin keçirilməsinə hazırlıq kontekstində Aİ-nin Azərbaycan, Gürcüstan və Ermənistana dəstəyini ifadə etmək üçün Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku iyunun 25-26-da bölgəyə səfər edəcəklər. Onların Azərbaycan, Gürcüstan və Ermənistan liderləri ilə görüşü planlaşdırılır.

Onu da bildirək ki, Azərbaycanın Avropa İttifaqı ilə imzalanması planlaşdırılan ikitərəfli sənəd hələ də ləngiyir. Avropa İttifaqı ilə assosiativ sazişi imzalamayan yeganə  Cənubi Qafqaz ölkəsi də Azərbaycandır. İlin sonunda olacaq sammitədək Azərbaycandan mövqeyini qətiləşdirmək istənilə bilər. Belə olan halda bir sıra suallar yaranır.

“Şərq Tərəfdaşlığı” bizə lazımdırmı, iqtidarın bu məsələdə mövqeyi nə olacaq? Bəs müxalifətin?

Məlumdur ki, Rusiyanın əvvəldən  bu məsələyə qıcıqlı mövqeyi var. O zaman nəzərə alınmalıdır ki, Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar davam edir. Bakı bu vəziyyətdə  hansı siyasi kurs götürəcək?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin fikrincə, bu sənəd bir neçə il imzalanmamış qalacaq: “Ümumiyyətlə, ”Şərq Tərəfdaşlığı" özünü doğrultmadı. Burada bir xeyir o ola bilər ki, bizim vətəndaşlarımız vizasız Avropa ölkələrinə gedəcəklər. Gürcüstan, Ukrayna və Moldova vətəndaşları kimi.  Bundan başqa ölkəmiz üçün bir xeyir görmürəm. Azərbaycan Avropa institutlarına üzvdür. Nə vaxt bizi dəstəklədilər? Nə vaxt erməni işğalına “yox” dedilər?"

/Yeni Müsavat/

1.3630449771881