Partiya sədri: Hər şeyi inkar etməklə xalqı aldatmaq olmaz
44 günlük Vətən müharibəsi dövründə AXCP, Müsavat və bu siyasi təşkilatlara daxil olan ayrı-ayrı qruplar hakimiyyəti tənqid etmədilər. Ümummilli məsələdə dövlətə dəstək verdilər.
Lakin 10 noyabrda imzalanan üçlü anlaşmadan sonra bu qüvvələr dirçəldilər və hətta “Qarabağı Rusiyaya peşkəş etdilər” tipində absurd iddialar da səsləndirməyə başladılar.
Ancaq bu kampaniyaları da 15 iyuna kimi davam edə bildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla 15 iyun 2021-ci ildə Şuşada imzaladıqları bəyannamədən sonra isə “Qarabağı Rusiyaya satdılar” tezisi aradan qalxdı.
Bundan sonra bu radikal qüvvələr 48 partiyanın Şuşa Bəyannaməsini dəstəkləyən bəyanatındakı “ümummilli lider” ifadəsinin üzərində “siyasət” qurdular. Amma bu tezis də artıq nimdaşlaşıb, gündəmdən çıxıb.
İndi əsas əks təbliğat vasitələri müharibədə iştirak etmiş bəzi şəxslərin narazılığıdır. Bir sözlə, o boyda təşkilatlar 5-10 nəfərin narazılığının ümidinə qalıb.
Faktiki olaraq müxalifət partiyaları hakimiyyətlə mübarizədə “deyingən qarı” modundan kənara çıxa bilmirlər. Ümumi pisləmə, qaralama kampaniyası aparılır. Hökumətin fəaliyyəti fundamental, əsaslı, rəqəmlərə söykənən şəkildə tənqid edilmir. Heç şübhəsiz ki, bunun üçün mütəxəssis lazımdır ki, müxalifətdə belə ciddi mütəxəssis bloku ya yoxdur, ya da çox zəifdir.
Paraleldə AXCP, Müsavat, Milli Şura rəhbərliyi Ermənistanın təcavüzünə, Azərbaycana qarşı apardığı ideoloji-siyasi təxribatlarına və müəyyən qədər də hərbi aqressiyasına qarşı heç bir mövqe ortaya qoymur. Radikal müxalifətin Avropa ölkələrində xeyli üzvləri var, orada təşkilatlanıblar. Bu, hər kəsə məlumdur. Amma bu vaxta kimi heç bir müxalifətçi Ermənistanın Avropa ölkəsində hansısa səfirliyi qarşısında 5-10 nəfərin iştirakı ilə etiraz aksiyası keçirməyib. İyunun 4-də iki azərbaycanlı jurnalist Kəlbəcərdə ermənilərin basdırdığı minaya düşərək həlak oldu. Xaricdə yaşayan müxalifətçi jurnalistlər bununla bağlı heç bir fəallıq göstərmədi.
Radikal və inkarçı müxalifət kimi təsnifləşdirilən siyasi qruplar dedi-qodu, populist çıxışlar istisna olmaqla, hakimiyyətə qarşı ciddi, tutarlı, sistemli bir əks təbliğat kampaniyası qura bilirlərmi?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev müxalifət düşərgəsində sivil mübarizə aparanların olduğuna işarə etdi:
“Adları çəkilən təşkilatlar çoxdandır ki, tarixin arxivindədirlər. İllər boyu uğur qazanmayan, Elçibəy kimi nüfuzlu siyasətçinin elektoratını itirən, xalqın müxalifətə inamını qıran elə bu təşkilatlar olub. Hər şeyi inkar etməklə xalqı aldatmaq olmaz. Ağa ağ, qaraya qara demək lazımdır. Sağlam siyasət aparan müxalifət partiyaları bu yoldadır. Xalq kimin kim olduğunu çox yaxşı bilir. Bu hakimiyyətin tapşırığını yerinə yetiriblər, ”müxalifətçi" libasında uzun illərdi “fəaliyyət” göstəriblər. İndi yenə də akademik(lə) inkarçı siyasət yürüdürlər. Müxalifət daxilində sivil mübarizə aparan partiyalar var. Verdiyimiz təkliflər cəmiyyətin bütün sahələrini əhatə edir. Sosial problemlər, işsizlik və bu kimi problemləri görüşlərdə səsləndiririk. Şəxsən mənim Ədalət Vəliyevlə 20-dən çox görüşüm olub. Və bu görüşlərdə vətəndaşların problemlərini qaldırmışam. Çalışmışam ki, onlar həll olunsun. Ölkənin inkişafında iqtidar-müxalifət dialoqunun olması vacibdir. Ölkəmiz dialoqla inkişaf edəcək, dedi-qodu, populist çıxışlarla, inkarçılıqla yox".
/Yeni Müsavat/