Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsi
Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir.
Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiye Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varheylinin fikirlərinə münasibətində deyib.
Partiya rəsmisi bildirib ki, Respublikamız ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirməklə yanaşı, etibarlı tərəfdaş kimi regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir. Eyni zamanda, ölkəmizin regional və beynəlxalq təşkilatlarla çoxşaxəli səmərəli əlaqələrinin inkişafı, əməkdaşlığının dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Şübhəsiz ki, Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı bu baxımdan xüsusi qeyd edilməlidir.
Avropa İttifaqı tərəfindən irəli sürülən Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmli idi. Çünki bu modelin əsas məqsədi regiondakı dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəldiriib. Avropa İttifaqı kimi nüfuzlu qurumla 1993-cü ildə əsası qoyulan diplomatik münasibətlər son 28 ildə qarşılıqlı maraqlar əsasında daha da möhkəmləndirilib:
"Təbii ki, Azərbaycanın strateji mövqeyi, fəal və uğurlu xarici siyasəti də Avropa İttifaqına üzv dövlətlərin ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməsində mühüm faktor rolunu oynayır. Bunun nəticəsidir ki, Avropa İttifaqı ilə əlaqələr müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edir.
Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib".
N.Verdiyev vurğulayıb ki, 1996-cı ildə Azərbaycan və Avropa İttifaqı arasında "Tərəfdaşlıq və əməkdaşlıq haqqında" sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından da vacib əhəmiyyət daşıyıb. Saziş çərçivəsində Avropa Birliyinin Azərbaycanda bazar münasibətlərinin inkişaf etdirilməsi məqsədilə bəzi struktur islahatlarının aparılmasına, özəlləşdirmə proqramına, infrastruktur layihələrinin reallaşmasına maddi və texniki yardımları nəzərdə tutulub:
"TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərə yeni təkan verib".