Hamımızı Xəzərə töksələr, yaxşıdır

Kubra Məhərrəmova yazır...

Şəbədə qoşmaqdır, vedrə bağlamaqdır, lağ-lağı etməkdir, bunu bizdən yaxşı heç kim bacarmır.

“Xəbərin var da, filankəs qızını göndərdi Türkiyəyə. Az, o oxuyandır? Bütün gecəni barları gəzəcək, atası da deyir ki, qızım həkimliyi oxumağa gedib”. 

Statistika: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkəlrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaq üçün təqaüd qazanıb. Məhz bu gənclər bu gün həyatın bütün sahələrində fəaliyyət göstərirlər. 

Dünən filankəsin qızına lağ eləyən xala bu gün gəlinini-qızını doğuzdurmaq üçün uzman həkim axtarır, həm də deyir ki, həkim qadın olsun. Burada oxuyanları bəyənmir. Və elə filankəsin qızının qəbuluna yazdırır gəlinini. Üç saat da növbədə gözləyir, həkimin qəbuluna düşmək üçün. Sonra da fəxrr ilə deyir ki, “ əşşi mənimkilərin həkimi Türkiyədə oxuyubee, bu de, bu da onun “Instagram” səhifəsi”. Dünən isə elə bu uzman həkim Türkiyəyə barlarda əylənməyə getmişdi. 

İdmana gedənlərin hamısı kütdür. 

“Filankəs gördü ki, gədədən bir şey çıxmır, apardı onu güləşə. Ay qız, iki eşşəyin arpasını bölə bilmir, nə çıxacaq ondan? Axırda hansısa obyektdə “axran” olacaq da”. 

1992-ci ildən Azərbaycan müstəqil dövlət kimi idmançılarını Olimpiya oyunlarına göndərməyə başladı. 

İlk dəfə  Nazim Hüseynov 1992 Barselona Olimpiadasının qızıl medalını qazanaraq tarixdə birinci Azərbaycanlı Olimpiya çempionu oldu.  Daha sonra idmançılarımız dünyanın mötəbər idman yarışlarında I yerə yüksələrək, himnimizi səsləndirməyə nail oldular. Zemfira Meftahətdinova, Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, Toğrul Əsgərov, Şərif Şərifov Olimpiya çempionları kimi adlarını idman tariximizə yazdırdılar. Hələ mən dəfələrlə dünya və Avropa çempionu olanlardan danışmıram. 

Bu gün “iki eşşəyin arpasını bölə bilməyən”ləri qohum-qardaş ən əziz qonaq kimi məclislərinə dəvət edir, “qardaş, bizim fəxrimizsən” deyir, “gördün də, gədə idmanla özünə ev-eşik, maşın elədi” deyə qiybətini qırır. Daha demir ki, siz burada çənə vuranda idmançı gecə-gündüz məşq edib, onlarla travma alıb. Sonra da xalçaya çıxıb mübarizə aparıb. Kənardan dava asan görünür axı. Siz elə çənə vurun. 

Onun-bunun cibini saymaq üzrə mütəxəxsis. 

“A bala, get, özünə sənət tap. Bu nədir, kino? Axırda toy çəkəcəksən də”.  Bizim diyarda kartof sat, alver elə, əsas odur ki, pul qazan. Hörmətin də daha çox olacaq. “İncəsənət nədir axı” deyə düşünənlər arasında nə yaxşı ki daha geniş düşünənlər də var. Bu gənclər heç nəyə baxmayaraq, kino işini öyrənməyə səy göstərir və səsləri artıq xarici ölkələrdən gəlir.

Çəkdikləri filmlər bir sıra festival və müsabiqələrdə qalib gəldikdən sonra isə olurlar “can-ciyər”. Ata-ananın fəxri, qohum-əqrəbanın qürur mənbəyi. İki dəfə də televiziya kanallarına qonaq kimi dəvət aldıqdan sonra isə qohumlar arasında “filankəsin oğlunu gördün? Telvizora çıxmışdı”, “az bilirsən bir kinonu neçəyə çəkir?” kimi söhbətlər başlayır. Daha sonra da “a bala, sən Allah, bizim uşağı da apar yanına, bir tikə çörək yiyəsi olsun” deyə xahişlər başlayır. Dünən isə toy çəkəcəkdi qardaş. Bu da belə. 

Van Dammın heykəli və cammaatın başına düşən daş.  

“A kişi, bunların başı lap qaçıb, Qəbələdə Van Dama heykəl qoyublare, əhə-əhə-əhə”. Adam elə istəyir bu lağ-lağı edənlərə desin ki, heykəl qoyub, əcəb edib, sənin başına niyə daş düşür ki? Sənin evinin qarşısında qoymayıb, sənin cibinin puluna qoymayıb. Bax, sənə nə? Amma nə danışırsan, mız qoymaq lazımdır axı, ənənədir. 

Başına döndüyüm, dünya şöhrətli Hollivud aktyoru Jan Klod Vam Damm izləyicisi 17 milyondan çox olan “Facebook” səhifəsində heykəlin fotosunu paylaşıb, hələ bunu edənlərə təşəkkür elədi:

“Heykəltəraş Azad Əliyev tərəfindən Azərbaycanın Vəndam adlı kəndində həqiqi ölçülərə uyğun gələn JCVD (Jan Klod Van Damm) heykəli ucaldılıb. Təşəkkür edirəm”. 

Pəh, bu fotonun altında Jan Kloda qardaş deyən kim, Azərbaycana dəvət edən kim, öpücük göndərən kim, qısası, qırğın başladı, nə başladı. 56 mindən çox reaksiya, 3000-dən çox da şərh gəldi fotoya. Bəli, dünyada Azərbaycanın ucqar Vəndam kəndi tanındı.

Bu barədə BBC, dünya mətbuatı yazdı, danışdı. Fotonun altında Vəndam kəndi ilə maraqlanan nə qədər əcnəbi şərh yazdı. Yeri gəlmişkən, bu ideya Şakir Eminbəyliyə aiddir. Bu addımla Şakir Eminbəyli doğma diyarını dünyaya tanıtdı. Özü də milyon xərcləmədən. Ağıl və ideya xərcləyərək. Şakir Eminbəyli, var olun! 

Eşşəyə minsən də, minməsən də...

Molla Nəsrəddin demişkən, ha bu eşşəyə özün min, ha uşağı mindir, bu millət bir söz tapacaq deməyə. Odur ki, heç kimə qulaq asmaq lazım deyil. Elə bildiyinizi edin, vəssalam. Bu milləti Molla Nəsrəddin, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir dəyişə bilmədisə, daha heç nə olası deyil. Nə yaxşı ki, bu milləti batmağa qoymayan zəkalar, istedadlar var. Bundansa hamımızı Xəzərə töksələr, yaxşıdır.

0.31825494766235