Nizami Verdiyev: Ermənilər 44 günlük müharibədə Azərbaycan Ordusunun nəyə qadir olduğunu dərk etdilər
44 günlük müharibədə işğalçı Ermənistanın üzərində qazanılan qələbə "qəhrəman erməni əsgəri və zabiti", "yenilməz erməni ordusu" mifini darmadağın etdi. Azərbaycan Ordusu, əsgəri bütün dünya erməniləri və ermənipərəst qüvvələrə şok yaşatdı.
Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.
ALDP rəsmisi qeyd edib ki, ermənilər Azərbaycanın işğal olunan torpaqlarını geri qaytarmaq gücündə olmadığı düçüncəsindəydilər, inanmırdılar. Onları "qəhrəman, mübariz" obrazında canlandıranlar 44 günlük müharibədə yanıldıqlarını, Azərbaycan Ordusunun, əsgərinin nəyə qadir olduğunu dərk etdilər: "Mübariz, qorxmaz Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyən "qəhrəman erməni əsgəri" diz çökdü, qaçdı. Həmin dönəmlərdə çəkilən kadrlardan da erməni əsgərlərinin döyüş meydanından necə qaçdıqları açıq görünür. 44 gün ərzində Ermənistan Ordusunda 10 min fərari olub, Azərbaycan ordusunda bir əsgər də fərarilik etməyib. Azərbaycan əsgəri mərdlik, qəhrəmanlıq nümunəsi göstərib. Qəhrəmanlıqla həlak olub, amma düşmən qarşısından qaçmayıb. Bu bizim millətimizə xas olmayan xüsusiyyətlərdən biridir. Amma ermənilər, əsgərlərimiz qarşısında diz çökdülər, qaçdılar, ağladılar. Bununla da müzəffər Azərbaycan Ordusu və əsgəri dünyaya yenilməz, qorxmaz olduğunu bir daha göstərmiş oldu".