ALDP sədri: Milli maraqlarımıza zidd hər hansı addımın atılmasına qarşı qətiyyətlə cavab verilməsinin tərəfdarıyıq

“2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixində imzalanan üçtərəfli bəynatların müddəalarının hamısının və tam şəkildə həyata keçirilməsi ilə bağlı Azərbaycan tərəfinin qəti mövqeyi dövlət başçısı tərəfindən növbəti dəfə sərrast və açıq şəkildə dilə gətirildi. Belə ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizi başda olmaqla kommunikasiyaların açılması yubanır. Bu və ya digər məsələlərin həllinə maneə törədən yeganə səbəb isə Ermənistanın buna hazır olmaması və ya bunun əleyhinə olmasıdır”.

Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib.

Partiya sədrinin sözlərinə görə, halbuki üçtərəfli bəyanatların tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılmasının Ermənistanın özü üçün səmərəsi çox böyük ola bilər:  “Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsində qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm də avtomobil yolunun yaradılması zəruridir. Çünki Zəngəzur dəhlizinin açılması regional iqtisadi əməkdaşlığın inkişafına və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsinə mühüm töhfə ola bilər”.

F.Əliyev deyib ki, sözügedən müsahibədə dövlət başçısının  Ermənistanın Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsinin yolverilməzliyi, buna son qoyulması üçün ciddi tədbirlər görülməsinin vacibliyi barədə səsləndirdiyi fikirlər mühüm önəm kəsb edir: “Dövlət başçısı nəzərə çatdırdı ki, Azərbaycan beynəlxalq hüquqla tanınmış ərazilərində baş verən prosesləri yaxından izləmək üçün bütün texniki imkanlara malikdir. Azərbaycan Prezidenti bu faktları nəzərə alaraq müvafiq addımların atılacağı, eyni zamanda, Ermənistanın bu siyasətinin onun özü üçün çox ağır nəticələr verəcəyini xatırladıb. Siyasi partiya olaraq bu məsələdə dövlət başçısının fikirlərini tam dəstəkləyir və milli maraqlarımıza zidd hər hansı addımın atılmasına qarşı qətiyyətlə cavab verilməsinin tərəfdarıyıq”.

/Yeni Azərbaycan/

4.2210488319397