Nizami Verdiyev: Beynəlxalq təşkilatlar Qarabağ münaqişəsi məsələsində Azərbaycana qarşı ikili standartlardan çıxış ediblər
Ermənistanın 30 il Azərbaycanın torpaqlarını işğalda saxladığına göz yuman və bu işğalçılıq siyasətini kənardan müşahidə edən beynəlxalq təşkilatlar daha çox məsuliyyət daşıyırlar. Azərbaycana qarşı həmişə ikili standartla tətbiq edilib.
Bunu "Xalq Cəbhəsi"nə Prezident İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə səsləndirdiyi fikirlərə münasibətində Azərbaycan Liberal Demokrat Partiyasının Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.
ALDP rəsmisi onu da deyib ki, dünya birlikləri, təşkilatlarlar beynəlxalq hüquq normalarını əsas götürüb işğalçı Ermənistana heç bir təzyiq, sanksiya tətbiq etməyiblər: "Dünya birlikləri Ermənistanı beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilmədi və ya bunu etmək istəmədilər. Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi və onun havadarları görsəydilər ki, artıq beynəlxalq hüquq tətbiq edilir, o zaman susardılar, işğalçıya hər hansı bir dəstək göstərməzdilər".
Partiya rəsmisi onu da vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasətinə Minsk Qrupu da seyriçi qalıb. Bu da işğalçını ruhlandırıb: "Minsk Qrupu həmişə ermənipərəst mövqe tutub. İstər o "şirkət", istərsə digər beynəlxalq təşkilatlar Qarabağ münaqişəsi məsələsində Azərbaycana qarşı ikili standartlardan çıxış ediblər, ədalət prinsiplərindən uzaq dayanıblar. Vaxtında Ermənistan beynəlxalq hüquqa dəvət edilsəydi ötən il müharibə baş verməzdi. Müharibənin başlanmasında əsas günahkarlardan biri elə beynəlxalq təşkilatlardırlar".