Partiya sədri: Belə görüşlərin intensiv xarakter daşıması olduqca vacibdir
“Ölkəmizdə mövcud olan siyasi həmrəyliyin daha da gücləndirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Bilindiyi kimi, sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkəmizdə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə görüş keçirib.
“Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirilən görüşün çox mühüm əhəmiyyəti var. Tədbirdə 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə həmrəyliyin daha da gücləndirilməsi istiqamətində mühüm müzakirələr oldu. Fikrimcə, belə görüşlərin intensiv xarakter daşıması olduqca vacibdir”.
Bu fikirləri açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib. O vurğulayıb ki, 44 günlük müharibə dövründə siyasi partiyaların nümayiş etdirdikləri yüksək həmrəylik qazanılan zəfərimizdə mühüm rola malik oldu.
“İstər Vətən müharibəsi zamanı, istərsə də müharibədən sonrakı dövrdə birgə bəyanatların imzalanması, birgə müraciətlərin qəbul olunması milli maraqlar ətrafında yaranan siyasi həmrəyliyin davamlı olduğunun göstəricisidir. Qeyd etməliyəm ki, müharibədən sonrakı dövrdə düşmənə, o cümlədən onların havadarlarına qarşı aparılan informasiya müharibəsində ölkəmizin mənafeyini müdafiə etmək hər birimizin vətəndaşlıq borcudur. Bu birliyi qorumaq, inkişaf etdirmək lazımdır. Hər bir partiya, təşkilat Azərbaycanın haqq səsini, haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq uğrunda iş aparmalıdır”, - deyə F.Əliyev əlavə edib.
/Yeni Azərbaycan/