Partiya sədri: Proporsional seçki sisteminin bərpası ilə bağlı təkliflərimizi göndərmişik

Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüş keçirib. Şöbə müdiri Ədalət Vəliyev görüşdə iştirak edən siyasi partiya rəhbərlərini Prezident İlham Əliyevin adından salamlayıb, onlara ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən müxtəlif səpkili layihələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Onlayn şəkildə həyata keçirilən görüşdə siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlandığı haqqında məlumat verilib, ölkə əhəmiyyətli ictimai-siyasi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ədalət Vəliyevlə görüşdə iştirak edən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev danışıqların təfərrüatları və səsləndirdikləri təkliflər barədə Modern.az-a danışıb.

ALDP sədri Fuad Əliyevin sözlərinə görə, siyasi partiyaların son iki il ərzində müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına təklifləri olub:

“Bu istiqamətdə artıq işlər gedir və təkliflərə uyğun olaraq mərkəzləşmiş qaydada iş aparılır. Yeni təklif edilən qanun müzakirəyə çıxarılacaq. Hazırda bu istiqamətdə müzakirələr gedir.

Liberal Demokrat Partiyası tərəfindən fevral ayında keçirilən görüşdən sonra biz seçki məcəlləsinə dəyişiklik və s. kimi məsələlərlə bağlı təkliflərimizi göndərmişdik. Burada referendumun keçirilməsi və proporsional seçki sisteminin bərpası ilə bağlı fikirlər yer alırdı.

Hesab edirəm ki, iqtidar-müxalifət dialoqunun davam etdirilməsi çox müsbət haldır. Vətəndaşların cəmiyyətdəki problemlərlə bağlı müraciətlərinin əksəriyyətini biz həll edə bilirik. Həll edilməyən məqamlarda isə məsələləri Administrasiyaya yönləndiririk. Aydın görünür ki, iqtidar-müxalifət dialoqu cəmiyyətə xeyir gətirir və hər bir vətəndaş bu prosesdən öz xeyrini görəcək”.

4.1026999950409