ALDP sədri: Çox istərdim ki, Azərbaycan və Pakistan arasında vizasız gediş-gəliş olsun

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Fuad Əliyev vurğulayıb ki, ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Qardaş və dost Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan, Bakıda səfirliyi açan ilk ölkələrdəndir.

ALDP sədri Ermənistanın işğalçılıq siyasəti ilə bağlı, Vətən müharibəsi zamanı Pakistanın birmənalı və qəti mövqeyinin, hər zaman Azərbaycana dəstək olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Fuad Əliyev:

"Mən Pakistanda olarkən,  xalqın bizə olan dost-qardaş isti münasibətin şahidi oldum. Çox istərdim ki, Azərbaycan və Pakistan arasında vizasız gediş-gəliş olsun".

Səfir Bilal Haye Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirərək, bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsində Pakistan ölkəmizin ədalətli mövqeyini tam dəstəkləyib və bundan sonra da daim Azərbaycanın yanında olacaq.

Səfir Bilal Haye xoş sözlərə görə Fuad Əliyevə təşəkkürünü bildirərək görüşlərin davamlı olduğunu arzulayıb. 

Hər iki tərəf ölkələrarası siyasi əlaqələrin və əməkdaşlığın vacibliyini vurğulayıblar. 

8.2375819683075