Fuad Əliyev: Postpandemiya dövründə siyasi dialoq daha intensiv xarakter daşıyar
“İllər boyu müxalifət partiyasının nümayəndələri olaraq iqtidar-müxalifət siyasi dialoqunun başlamasını istəmişik. 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu təsdiqləndikdən, ilk dəfə olaraq, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldıqdan, Prezident İlham Əliyevin sərəncamı ilə Ədalət Vəliyev həmin şöbənin müdiri təyin edildikdən sonra dövlət başçısının iradəsi ilə sözün əsl mənasında iqtidar-müxalifət dialoqu baş tutdu. İki il ərzində həm onlayn, həm də şəxsi görüşlərimiz olub. Bu tədbirlər zamanı şəxsən mənim tərəfimdən bir çox məsələ - bunlar əsasən vətəndaşların problemlərlə bağlı olub - qaldırılıb və həllini tapıb. Bu, Prezidentin iradəsi ilə reallaşan iqtidar-müxalifət dialoqunun hər bir vətəndaşın xeyrinə olduğunu göstərir.”
Bu fikirləri Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev siyasi dialoqla bağlı “İki sahil”ə açıqlamasında bildirib.
Siyasi dialoqun mütəmadi təşkilini yüksək qiymətləndirdiyini söyləyən Fuad Əliyev bu dialoqun davamlılığının tərəfdarı olduğunu vurğuladı: “İnşallah postpandemiya dövründə siyasi dialoq daha intensiv xarakter daşıyar. Çünki bu dialoq nəticəsində iqtidar-müxalifət münasibətlərinin yaxşılığa doğru dəyişməsinin şahidi oluruq. İstərdim ki, bu münasibət daha da yaxınlaşsın və dərinləşsin.
Partiya sədri vurğuladı ki, siyasi islahatlarla bağlı bir neçə təklif səsləndirlib: “Hətta parlamentin proporsional sistem əsasında seçilməsi ilə bağlı Administrasiyaya təkliflər göndərmişik. Ümid edirəm ki, bu istiqamətdə yenilik olacaq. Ədalət müəllim də öz çıxışında qeyd etdi ki bu cür təklifi artıq bir neçə partiya göndərib. Yəqin ki, qarşıdan gələn aylarda onlar ümumiləşdirilərək müzakirəyə çıxarılacaq. Hesab edirəm ki, bu, gələcəkdə partiyaların işində təkan verəcək, partiyadaxili işlər də düzələcək, sağlam rəqabət olacaq. Bu da partiyaların inkişafına gətirib çıxaracaq".