ALDP rəsmisi: BMT Təhlükəsizlik Şurasının üzvləri erməni vandalizminin davam etməsinə rəvac veriblər
"BMT Baş Assambleyasının 76-cı sessiyasında Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu ötən illər ərzində təcavüzkara qarşı beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn heç bir kəsərli addımlar atılmayıb və təcavüzkara qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi".
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-a bildirib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının üzvləri bu illər ərzində özlərinin qəbul etdikləri məlum qətnamələrin icrası üçün heç bir addım atmayıblar, əksinə erməni vandalizminin davam etməsinə rəvac veriblər.
"Azərbaycan BMT və ATƏT-in Minsk Qrupunun 30 il ərzində həll edə bilmədiyi münaqişəni cəmi 44 günə hərbi-siyasi yollarla həll etdi və bununla da həm ərazi bütövlüyümüzün bərpa edilməsinə, həm də tarixi ədalətini bərqərar olmasına nail oldu" - Nizami Verdiyev qeyd etdi.
O bir daha Qarabağ münaqişəsi keçmişdə qaldığını vurğuluyaraq bunu dedi:
"Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezident bir məqamı da xüsusi olaraq vurğuladı. O, indi istər dünya KİV-də, istərsə də beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin rəsmi sənədlərində “Dağlıq Qarabağ” yox, Qarabağ, Şərqi Zəngəzur kimi coğrafi terminlərdən istifadə edilməlidir bildirdi".
"Artıq dünya ictimaiyəti və xüsusilədə Ermənistan dərk etməlidir ki, sülhə alternativi yoxdur. Amma Ermənistan savaş istəyirsə, savaşı alacaq. Amma bu dəfə onlar daha çox peşman olacaqlar"- Nizami Verdiyev qeyd etdi.