Fuad Əliyev: Bunlar “beşinci kolon” arabasındadırlar

Ötən həftə Şuşaya gedən müxalifət partiyalarının rəhbərləri bir daha ümummilli məsələlərdə iqtidar-müxalifət ayrılığının olmadığı mesajını vermiş oldular. Hələ 44 günlük müharibə zamanı başlamış bu prosesdən özünü kənarda saxlayanlar isə daha bir ümummilli məsələ-İranın Azərbaycana qarşı təhdidlərinə ya susqunluq nümayiş etdirir, ya da yalnız ümumi sözlərlə kifayətlənir, hətta iqtidarı yanlış xarici siyasət aparmaq cəhdində suçlamaq cəhdləri də nəzərdən qaçmır.

Daha bir maraq doğuran məsələ İran mövzusunun gündəmdə olduğu vaxt ən müxtəlif bəhanələrlə iqtidarın üzərinə getmək, cəmiyyətdə əlavə gərginlik, narazılıq yaratmaq cəhdləridir. Yenə xırda qrup halında küçələrə çıxaraq hansısa siyasi dustaqlar olmasına etirazlar təşkil edilir, polislə süni qarşıdurma yaratmaq, həbslərə rəvac vermək və sonra müxalifət fəallarına “görünməməiş basqılar” olunması haqda hay-küy salmaq cəhdləri ortadadır. Sanki onlar da fürsət gözləyirmişlər kimi, İranın və Avropadakı “insan haqları” deyib bağıran digər bədxahlarımızın dəyirmanına su daşımaqla məşğuldurlar. Bu məsələdə xüsusilə AXCP fəallıq göstərir, xırda qruplarla təşkil etdiyi icazəsiz aksiyalardan sonra hətta “dini fəalların” həbs edildiyini bəyan edir. Bu cür təxribatlarda isə “İran xəttini” gizlətmək mümkün olmur. Bu qüvvələr niyə belə həssas məqamda fəallaşıblar? Guya dindarların da həbs edildiyi xəbərlərinin tirajlanması təsadüfdürmü? Bu siyasi dairələr kimlərin “arabasındadırlar?”

ALDP rəhbəri Fuad Əliyev: “Partiya olaraq biz həmişə dövlətin, xalqın maraqlarını üstün tutmuşuq. ALDP hakimiyyətin daxili siyasətini həmişə tənqid edib, amma ümummilli məsələlərdə dövlətin yanında olmuşuq. İran torpaqlarımızın işğal dövründə ermənilərə hərtərəfli dəstək verib, Vətən müharibəsi zamanı bizim haqlı olduğumuzu dilə gətirmədi, müharibə bitənə yaxın, bir bəyanat verdilər ki, bizim ərazi bütövlüyümüzü tanıyırlar. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra mədəniyyət və digər adda müxtəlif mərkəzlər açaraq, agentura şəbəkələri yaratdılar. Bu mərkəzlər bizim xalqımıza, dövlətimizə qarşı fəaliyyət göstərib. Son günlər İranın Azərbaycana hədə-qorxu gəlməsini görərək bir çox partiyalar bəyanat verib bunu pislədilər, dövlətimizə dəstək verdilər. Amma elə partiyalar var ki, susublar və yaxud hakimiyyətin İranla bağlı verdiyi bəyanatları səhv adlandırıblar. Bu da onu göstərir ki, bu təşkilatlar təkcə Qərbin yox, İran və digər ölkələrin təsiri altındadırlar. Bunlar öz agentlərini bəzi partiyalara və hərakatlara yerləşdiriblər. Bu agentura şəbəkələri ifşa olunmalıdır. Bunlar ”beşinci kolon" arabasındadırlar".

/Yeni Müsavat/

5.8031339645386