Partiya sədri: ABŞ 907-ci düzəlişi niyə qəbul etmişdi və niyə bu günə qədər ləğv etməyib?

Qərb Azərbaycanın da yerləşdiyi bölgəyə hər zaman demokratiya, insan haqları şüarları ilə girməyə cəhd edib. İllərlə bu dəyərləri sözdə istismar edərək burada möhkəmləndi. Amma bu cür maskalanmaq, oyunbazlıq da bir yerə qədər idi. Fakt budur ki, Qərb nə verdiyi vədləri yerinə yetirdi, nə də bölgənin demokratikləşməsində maraqlı oldu. Sadəcə, keçici maraqlar naminə parıltılı şüarlar, vədlər verdi.

Əslində Qərb faktoru azərbaycanlılar üçün 44 günlük Vətən müharibəsində bitdi. Fransa başqa olmaqla, əksər Avropa ölkələrinin, Qərb təşkilatlarının Ermənistanı müdafiə etməsi gözümüzü açdı. Cəmiyyətimizdə Rusiyanın Azərbaycana qarşı Avropadan daha ədalətli mövqe ortaya qoyması rəyi belə yarandı. Azərbaycan bu savaşda gerçək dostunun, müttəfiqinin kim(lər) olduğunu gördü, anladı. İnsanlar maşınlarının şüşələrində, dükanlarının önünə, evinin darvazasında, məhləsində Azərbaycanın, Türkiyənin, İsrailin və Pakistanın bayraqlarını dalğalandırırdı. Bir sözlə, ortaya o gerçəklik çıxdı ki, xalqı aldatmaq və zorla yönəltmək olmaz...

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Qərbin demokratiyasından imtina etməyi doğru sayır: 

“Qərb ölkələri bu illər ərzində Azərbaycanla münasibətdə qeyri-səmimi oldular. Azərbaycana qarşı ikili standart siyasətini apardılar. Bizim torpaqlarımız işğalda olan dövrdə Azərbaycana qarşı düzəlişlər, qərarlar və digər sənədlər qəbul olunmuşdu. Misal üçün, ABŞ 907-ci düzəlişi niyə qəbul etmişdi və niyə bu günə qədər ləğv etməyib? Fransa da eyni ilə. Bu ölkələr ATƏT-in həmsədr ölkələridir. Bunlar problemin həll olunmasına dair bir təklif verməsələr də, ən azından neytrallığı qorumalıydılar. Bunu biz görmədik. Əksinə, erməni mövqeyindən çıxış etdilər. Fransa, ümumiyyətlə, Vətən müharibəsində açıq şəkildə Ermənistanı müdafiə etdi. Və bu günə qədər erməniləri dəstəkləyir. Qərb demokratiya və insan haqları məsələsində də qeyri-səmimidir. Dəfələrlə seçkilərdə iştirak etmişik və mənim, partiya üzvlərinin hüquqları pozulanda niyə müdafiə etmədilər, niyə bir bəyanat vermədilər? Amma özlərinin yaratdığı ”Beşinci kolon" nümayəndələrinin atdığı qeyri-qanuni addımların belə dərhal müdafiəsinə qalxırlar. Budurmu bunların demokratiyası? Şəxsən mənə belə demokratiya lazım deyil".

0.086293935775757