Partiya sədri: O, nəsə bilir ki, belə bəyanat verib
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun son açıqlamaları geniş müzakirələrə səbəb olub. O, “yəqin ki, yaxın zamanlarda boş qalmış dairələrə seçkilər keçiriləcək”, - deyə bildirib.
Qeyd edək ki, hazırda parlamentdə beş deputat yeri boşdur. Daha bir deputat Eldəniz Səlimov həbs olunub, məhkəmənin sonunda onun mandatının ləğv ediləcəyi şübhə doğurmur.
Ölkə müxalifəti Məzahir Pənahovun seçki açıqlamalarına inanırmı və seçkiyə hazırlaşırmı? Bu bəyanat demokratik düşərgədə hansı reaksiyanı yaratdı?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev referendumun keçirilməsini daha vacib sayır:
“Boş qalmış dairələrə seçkilərin keçirilməsi qanunla tənzimlənir. İstənilən vaxt bu seçkiləri keçirə bilərlər. O ki qaldı Məzahir Pənahova, inanmaq və yaxud inanmamaq məsələsinə gəldikdə, yəqin ki o, nəsə bilir ki, belə bəyanat verib. Mənim fikrimcə, boş qalmış dairələrə seçkilərin keçirilməsi yox, referendumun keçirilməsi daha məqsədəuyğun olardı. Bir neçə məsələlər var ki, onları referenduma çıxarmağa ehtiyac var. Bu məsələlərdən biri proporsional seçkinin bərpasıdır. Bu məsələ öz həllini tapsa, onda 6 dairə yox, bütövlükdə parlament seçkilərinin keçirilməsi lazım olacaq. Mənim fikrimcə, bu daha düzgün olar”.
/Yeni Müsavat/