Partiya sədri: Azərbaycan və Rusiya rəhbərlərinin münasibətlərinin də önəmli rol oynayır

İkinci Qarabağ müharibəsindən sonra ermənilər uğradıqları məğlubiyyətə görə Rusiya hakimiyyətini və prezidenti Vladimir Putini ittiham etməkdə davam edirlər. Erməni mediası indi də belə bir yalan uydurub ki, guya Vladimir Putin prezident olana qədər Qarabağdakı separatçılar danışıqlar masasında tərəf olub. Putin prezident olandan sonra bu aradan qalxıb: “Bütün bəlalarımızın, faciələrimizin əsas səbəbkarının konkret adı və soyadı, vəzifəsi var. Putin hakimiyyətə gələnə qədər ”artsax" danışıqlar masasında idi, Azərbaycan buna qarşı bir söz deyə bilməzdi. Putin buna son qoydu. Prezident Boris Yeltsin Ermənistana qarşı əsl rus vətənpərvərinin ən isti hisslərini yaşayırdı. Putinin Ermənistanı səmimiyyətlə sevməməsi onsuz da aydındır. Əslində buna görə də Putin ölkəmizin suverenliyini və müstəqilliyini məhdudlaşdırmaq üçün hər şeyi etdi.”

Erməni mediasının iddiası nə dərəcə əsaslıdır? Yeltsinin hakimiyyəti dövründə Qarabağ erməniləri danışıqlar masasında olubmu? Putin hakimiyyətə gələndən sonra danışıqlar formatında nə dəyişib ki, ermənilər Yeltsin dövrünün xiffətini edir?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev burada Azərbaycan və Rusiya rəhbərlərinin münasibətlərinin də önəmli rol oynadığını söylədi: “Mənim fikrimcə, Yeltsin demokrat olsa da,  Qarabağ məsələsində Qorbaçovun yolunu davam etdirirdi. Hamıya məlum idi ki, Qorbaçovun ətrafında çoxlu erməni olub. Şahnazarov, Aqanbekyan və s. kimi ”məsləhət" verənlər. Qorbaçovun vaxtında başlanan Qarabağın işğalı Yeltsin dövründə davam olundu. Putin dövründə isə Qarabağ münaqişəsi donduruldu. Əslində bəlkə də bu bizim xeyrimizə oldu. Biz ordu quruculuğu ilə yanaşı, iqtisadiyyatımızı da gücləndirdik.

Xarici investorları dəvət etdik. Tədricən aparıcı ölkələrdən dəstək aldıq. Xarici siyasətdə paritetliyi saxladıq. Ermənistan isə baxmayaraq ki, Rusiyaya donor ölkə kimi baxıb, Rusiya təsirindən çıxmaq üçün, Qərbə meylli olub. Qərbyönüllü siyasət yürüdüb. Bu da təbii ki, rəsmi Moskvanın xoşuna gəlməyib. Bunlar hamısı Azərbaycanın xeyrinə oldu. Digər bir məqamı da qeyd etmək lazımdır – İlham Əliyevin və Vladimir Putinin şəxsi münasibətlərini. Ermənilər bunları bilirdilər, ona görə də işğal etdiyi ərazilərdə bir iş görməyiblər, ancaq dagıdıblar. Düzdür, bir neçə məsələ hələ də açıq qalıb. Rusiya sülhməramlılarının mandatdan kənar fəaliyyəti, heykəllərin qoyulması və s. kimi məsələlər. Amma bunlar da  vaxtında öz həllini tapacaq".

/Yeni Müsavat/

0.090926885604858