Partiya sədri: Ramiz Mehtiyev akademiyada ikinci dövlət yaradıb
“Ramiz Mehtiyev akademiyada ikinci dövlət yaradıb”
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev islahatlarla bağlı Versus.az-a açıqlamasında bildirib.
- Fuad bəy, bir neçə il əvvəl başlanan islahatlar nə dərəcədə uğurlu nəticələnib?
- Biz 2-3 il qabaq başlanan islahatlar prosesinə sevindik. Amma hakimiyyət daxilində bu proses sona qədər getmədi. Düşündük ki, parlament seçkiləri islahatların davamı olacaq. Amma nə gördük - eyni komanda, eyni yanaşma. Parlamentə 90 faiz dəyişiklik olmadı, eyni adamlar seçildi. Eləcə də Prezident Admnistrasiyada dəyişiklik olsa da, heç nə dəyişmədi. Ramiz Mehtiyev çıxarıldı və indi AMEA-da ikinci bir dövlət yaradıb, elmdən başqa bütün məsələlərə qarışır. Bu gün parlamentdə olan deputatların çoxu Ramiz Mehtiyevin vaxtında təyin etdiyi deputatlardır. İctra hakimiyyəti strukturlarında da əksər icra başçıları onun vaxtında təyin ediliblər. Yeni icra başçıları 3-4 nəfərdir. Bilirik ki, 7-8 nəfəri həbs olunub, onların yerinə yeni adamlar təyin olunub, amma dəyişiklik yoxdur. Ona görə də birinci növbədə başçını dəyişmək lazımdır ki, islahatlar davamlı olsun, dərinləşsin. Dəfələrlə demişəm ki, siz YAP olaraq deyirsiz ki, 800 min üzvümüz var. Amma mən deyirəm ki, YAP-ın kadr potensialı yoxdur. Müxalifətdə o potensial var və biz o kadrları verə bilərik. Bizim müavinlərimiz, cavan üzvlərimiz var.
Məsələn, gətirib Türizm Nazirliyinə nazir qoydular, o da özünə bolqar vətəndaşını müavin götürdü. İndi onun oynamağını qırağa qoyuram, bizdə elə bir Azərbaycan vətəndaşı yoxdu ki, o vəzifəyə layiq bilinsin, tapmadınız burda? Mənim üçün orda bir bolqarın müavin olmasnın fərqi yoxdur, o xanıma da hörmət edirəm. Amma bu Azərbaycan vətəndaşı ola bilməzdimi, bizim kadrımız yoxdurmu? Yaxud, yeni təyin olunan nazirlər də deyirlər ki, xaricdə təhsil alıb 3-4 diplomu var, dili bilir. Xaricdə təhsil almaqla deyil, sən burda yaşamalısan, bu millətin dilini, ağrı-acısını bilməlisən, Azərbaycan xalqının mentalitetini bilməlisən. Gətirib bolqar vətəndaşını qoyursan nazir müavini, bəyəm bolqar vətəndaşı bizim mentaliteti bilir? Belə problemlər var və heç də bizə uğur gətirməyən amillərdir.