Fuad Əliyev: Bu yolla xalqı Paşinyanın üzərinə qaldırmaq mümkün deyil

Erməni müxalifəti hazırda ölkədaxili siyasi gərginliyi məhz bu mövzu üzərindən artırmağa çalışır. Müxalif “Hayastan” fraksiyasının deputatı Geğam Manukyanın iddiasına görə, hakimiyyət bundan əvvəl uzun müddət bu barədə tamam başqa məlumat vermişdi. Onun sözlərinə görə hökumət bildirmişdi ki, Ermənistan qoşunları onların nəzarətində olan Qubadlı və Zəngilan rayonlarından şifahi razılaşma əsasında geri çəkilib:

“Bir məsələ aydındır. Ermənistan silahlı qüvvələri baş qərargah rəisi Artak Davtyanın imzaladığı məktubdan görünür ki, Ermənistan silahlı qüvvələri və könüllü dəstələr 2020-ci ilin dekabrında Sünikdə təxminən 20 kilometr geri çəkiliblər və Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi yazılı sənəd əsasında Azərbaycanın nəzarətinə keçib. Bu, məxfi sənəddir və mən onu tam şəkildə dərc edə bilmərəm. Mən məxfi məlumat olan bu sənədi dərc etməmək üçün öhdəlik götürmüşəm”. Bəs Paşinyan daxildəki yeni gərginliyi durdura bilməsə, nə baş verə bilər? Baş nazirin hansısa gizli razılaşmaya qol çəkməsi və ya xəbərdar olması gerçəkdirmi?

Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Paşinyanın müharibədə məğlubiyyətdən sonra ittihamlarla üzləşəcəyi, təzyiqlər olacağı gözlənilən idi. ALDP sədri bütün günahların hakimiyyətin boynuna biçilməsini normal sayır: 

“Çünki məğlubiyyət yetimdir. Serjik sərkisyanlar, köçəryanlar öz işğalçı, barbar əməllərinə görə Ermənistanın bu gün hansı vəziyyətə düşdüyünü etiraf etmək istəmirlər. Bu problemlər Paşinyanın dövründə yaranmayıb. Amma müharibədən sonra keçirilən seçki göstərdi ki, cəmiyyət istər gizli sövdələşmələr, istər məxfi sazişlər olsun, Paşinyanı dəstəkləyir, müxalifətə nifrət edir. Ona görə bu sənədin üzə çıxmasından müxalifət imitasiya edə bilər, reallığı isə ağlı başında olan siyasətçilər qəbul edir. Yəni bu yolla xalqı Paşinyanın üzərinə qaldırmaq mümkün deyil”.

Fuad Əliyev hesab edir ki, Ermənistan siyasi böhran dövrünü yaşayır:

“Türkiyə və Azərbaycanla normal münasibətlər qurduqdan, erməni əhalisinin iqtisadi həyatında bu əlaqələrin gətirəcəyi sosial dirçəliş olduqdan sonra Paşinyana qarşı arqumentlər də azalacaq. Hazırda Zəngəzura görə də hakimiyyəti ittiham edir, torpaqları satmaqda günahlandırırlar. Amma delimitasiya prosesinin mahiyyəti budur ki, sərhədlər dəqiq olmalıdır”.

/Yeni Müsavat/

0.097994089126587