ALDP sədri: Amerika idarə edilən xaos nəzəriyyəsini üstün tutaraq bu bölgəni cəhənnəmə çevirdi
Yaxın Şərqin despotlarından olan İraq tiranı Səddam Hüseynin edamından nə az, nə çox 18 il ötür. Bir ölkənin liderini 2003-cü il, dekabrın 30-da dünyanın nataraz vaxtında, hamının gözü qarşısında asdılar və buna görə heç bir məsuliyyət daşımadılar. İndi tarix və təcrübə sübut edir ki, Səddamı edam etməmək də olardı, etdiyi cinayətlərə görə ən azı mühakimə edilə bilərdi. Üstəlik, amerikalıların İraqda nüvə silahı olması haqda cəfəngiyyatının bir bəhanə olduğu da öz təsdiqini tapdı. Hətta ABŞ etiraf etdi ki, guya yanılıb, di gəl, İraqda nəyin olub-olmadığını yaxşı bilirdilər.
Səddamın asılması ilə Yaxın Şərqdə proseslər daha da qan çanağına çevrildi, İraq heç də ağ günə çıxmadı və ölkə 18 ildir ki, terror, kamikadze yuvasına çevrilib, minlərlə insan öldürülüb, neçə-neçə marginal silahlı təşkilatların qurbanına çevrilib. Yalnız indi-indi bir qədər İraq sakitləşməkdədir, yəni hər həftə ölkədə terror baş vermir. Amma Səddamın edamı ilə nə İraqa demokatiya gəldi, nə xalq azad və xoşbəxt həyata qovuşdu. Halbuki 2003-cü ilin 19 martında ABŞ və Böyük Britaniya İraqa hücum edəndə Azərbaycanda Yaxın Şərqin və eləcə də bizim ölkənin demokratiyaya qovuşacağını təsəvvür edənlər var idi. İnsanlar necə sevincli və ümidli idilər.
Üstündən 8 il keçdi, bu dəfə Yaxın Şərqin başqa ölkələrini xarabazara çevirdilər: Misirdə, Liviyada, Tunisdə, Yəməndə, Əlcəzairdə, İordaniyada böyük üsyanlar başladıldı, sonra Suriyada xaos yaradıldı və böhran indiyə qədər davam edir. Amma Bəşər Əsəd Səddam Hüseyndən fərqli olaraq, ölkəsinin xarabalığa çevrilməsinə rəğmən, dayana bildi. Düzdür, onu Rusiya və İran ciddi dəstəklədilər, devrilməyə, asılmağa imkan vermədilər. Bu da reallıqdır. Bununla belə, ABŞ-ın bu bölgəyə azadlıq və demokratiya gətirəcəyinə hələ də inananlar var. Səbəb nədir? Nə üçün müsəlman dünyasını xaosun, terorrun içinə salan Qərbdən hələ də demokratiya gözləntiləri var?
Azərbaycan Liberal - Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Şərq xalqlarının despotizmdən demokratiyaya keçidi mərhələli, yumşaq olmalıydı. Onun fikrincə, üsyan və dağıntılarla, siyasi çevrilişlərlə xalqlara azadlıq bəxş etmək asan deyil:
“Biz Gürcüstanda, Ukraynada olan rəngli inqilablarla ərəb yarımadasındakı dəyişiklikləri müqayisə edə bilərik. Əvvəla, fərqli xarakterlərə malik toplumlar idi, ikincisi, ərəb ölkələrində sivil müxalifət formalaşmamışdı, ona görə proseslər silahlıların, üsyançıların əlinə keçmişdi. Onlardan yalnız Tunis bir qədər ağrısız ötüşdürdü. O baxımdan Amerikanın Yaxın Şərqə ”demokratiya gətirmək" siyasəti başından bəlli idi ki, iflas edəcək və məqsəd də heç o deyildi".
Fuad Əliyevin sözlərinə görə, Səddamın asılması, Qəddafinin üsyançıların əlində qətlə yetirilməsi, Mübarəkin həbsdə ölümü ilə bu xalqlar sivil cəmiyyət qura bilməzdilər:
“Amerika idarə edilən xaos nəzəriyyəsini üstün tutaraq bu bölgəni cəhənnəmə çevirdi. Eyni fiaskonu Əfqanıstanda yaşadı və sonda hakimiyyəti taliblərə təhvil verdi. Anladı ki, bu regionun xalqlarının mental düşüncəsi Moldova, Ukrayna, yaxud Qırğızıstan kimi deyil. Yada salın, Səddamın edamı dünyada nə qədər travma yaşatdı, bu, kimə görk idi? Nə qazandırdı? İraq xalqı Səddam rejimindən razı deyildi, amma onun asılmasından sonra yaşadıqları 15 ildən çox cəhənnəm həyatına, terrora baxanda keçmiş prezidentə şükür etməyə başladılar. Nə də olmasa sabitlik hökm sürürdü və adi iraqlı evindən çıxanda sağ-salamat qayıdacağına, namaz qıldığı məscidin, oturduğu yeməkxananın partladılmayacağına əmin idi”.