ALDP rəsmisi: Tokayev öz hakimiyyətini qorumaq üçün, KTMT-yə müraciət etməsinə məcbur oldu
Siyasətçilər və ekspertlər Qazaxıstanda baş verən olaylarla bağlı bir neçə suala cavab axtarırlar. Sosial tələblərlə başlanan etiraz aksiyalar sonradan iğtişaşlara çevrildi. Bunun arxasında ABŞ, Rusiya və yaxud başqa bir ölkə dayanıb?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-a şərhində bildirib ki, Qazaxstana xarici müdaxilə ilə bağlı hər hansı bir məlumat yox idi, proses daxildən başlandı:
“İnsanlar qazın qiymətinin qalxması ilə bağlı etiraz aksiyalarına çıxdılar. Dərhal hökumətin istefası şübhəli görünsə də, bu etirazçıları sakitləşdirmədi. Niyə şübhəli? Çünki heç bir ölkədə etiraz aksiyaları başlayan kimi, hökumət bütün tərkibdə istefaya getmir. Fikrimcə, bu diqqətçəkən məqamdır. Daha sonra qazın qiymətinə yenidən baxılmasına razılıq verildiyinə baxmayaraq, aksiyalar nəyinki dayanmadı, əksinə, daha da radikal formaya keçdi”.
Nizami Verdiyev vurğulayıb ki, Qazaxıstandakı hadisələr klanlar arası toqquşmanın nəticəsindən baş verib:
“Nazarbayev prezident kürsüsündən getməsinə baxmayaraq, bütün hakimiyyət strukturlarına nəzarət edirdi. Bu da artıq güclənən prezident Tokayevin xoşuna gəlmirdi. Tokayev öz adamlarını əsas vəzifələrə gətirə bilmirdi. Artıq maraqlar toqquşurdu”.
ALDP rəsmisinin sözlərinə görə, Tokayev, qazın qiymətinin qalxmasına etiraz edənlərin küçələrə çıxmasından, öz şəxsi maraqlarına uyğun istifadə etmək istəyib. Nazarbayev təcrübəli siyasətçi olduğundan, bunu görərək Qazaxıstan lideri postundan istefa verir. Hökumətin bütün tərkibdə istefayə getməsi, Tokayevi artıq idarə olunmayan kütlə ilə üz-üzə qoyur:
“Artıq polis və digər hüquq-muhafizə organların əməkdaşlarının etirazçıların tərəfinə keçməsi, Tokayevi öz hakimiyyətini qorumaq üçün, KTMT-yə müraciət etməsinə məcbur etdi”.
Nizami Verdiyevin sözlərinə görə, ABŞ-ın hadisələrə “soyuq” bəyanat verməsi, onu göstərdi ki, Qazaxstanda baş verənlər onlar üçün gözlənilməz idi.