Partiya sədri: Bəzi müxalifət nümayəndələri hesab edirlər ki, hətta silahlı çevrilişləri, silahlı iğtişaşları mütləq dəstəkləmək lazımdır

Qazaxıstanda baş verən olaylara Azərbaycan müxalifətinin reaksiyası birmənalı olmadı. Milli Şura bəyanat verərək Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevi ittiham etdi, onun KTMT mandatı altında qoşunları ölkəsinə çağırmasını Rusiya işğalı kimi qiymətləndirdi. Hadisələrin ilk vaxtında Qazaxıstanda az qala milli-azadlıq hərəkatının başlandığı elan edildi, sonra meydana silahlıların çıxması vəziyyəti dəyişdirdi. Amma həmin qüvvələr bu dəfə də az qala silahlı üsyana dəstək verdilər.

Digər siyasi partiyaların mövqeləri necə oldu, onlar hadisələri necə qiymətləndirirlər? Xalq etiraza çıxmışdısa, silahlılar niyə meydana çıxarıldı? Qazaxıstanda müxalifətin olmamasının hadisələrə hansı mənfi təsirləri oldu? Yaxın ölkələrin hakimiyyətləri bu hadisələrdən hansı nəticələr çıxarmalıdır?

ALDP rəhbəri Fuad Əliyev Qazaxıstan məsələsinin ölkəmizdə bu qədər gündəmdə saxlanılmasının əleyhinədir:

“Birincisi onu deyim ki, Qazaxstanda baş verən hadisələri bu qədər işıqlandırılmasının əleyhinəyəm. Bizim öz problemlərimiz qalıb kənarda, hansı internet TV-na baxırsan Qazaxstandan danışırlar, qəzetlərə baxanda demək olar ki, bütün xəbərlər onlarla bağlıdır. Başa düşmədim, bəyəm bizdə olan problemlər həll olunub? Hamı çörəyin qiymətinin qalxmasından danışırdı, etiraz edirdi, bəziləri hakimiyyətə hədə-qorxu gəlirdi. Demirlər ki, çörəyin qiyməti sonuncu dəfə nə vaxt qalxıb. Hamının yadından çıxıb. İndi dünyada buğdanın qiymətinin qalxdığına görə, bizdə çörəyin qiyməti 10-15 qəpik qalxdı. Amma marketlərdə ərzaqların qiyməti hər gün 10-20 qəpik qalxır. Bunu deyən yoxdur. Sosial problemlər, işsizlik kimi problemlərimiz var, bunlardan danışmırıq, Qazaxstanda olaylardan danışırıq. Yeri gəlmişkən, Qazaxstanda təqaüdlər, maaşlar və digər sosial ödənişlər Azərbaycandan yüksək idi. Əhaliyə verilən qazın, suyun, işığın qiyməti bizdən ucuzdur. Baxın, hökumət qazın qiymətini qaldırdığına görə vətəndaşlar dinc, etiraz aksiyalara çıxdılar. Və demək olar ki, istədiklərinə nail olurdular. Bunu görən radikal, ekstremist qüvvələr küçələrə çıxarkın, iğtişaşlara getdilər. Bizim bəzi müxalifət nümayəndələri hesab edirlər ki, harda nə baş verirsə, hətta silahlı çevrilişlər, silahlı iğtişaşları mütləq dəstəkləmək lazımdır. Güya o ölkələrdə nə baş verirsə, bizdə də olacaq. Bu nə yanaşmadı? Qəsdən bizim vətəndaşları çaşdırırlar. Bizim bəzi müxalifət nümayındələri sanki başqa yerdə yaşayırlar, Azərbaycanda gedən prosesləri düzgün analiz edib strateqiyanı və taktikanı qura bilmirlər. İnan ki, Qazaxstan vətəndaşı bundan sonra da bizdən yaxşı yaşayacaq. Amma mən istərdim ki, yaxın zamanda bizim vətəndaşlarımız heç olmasa Qazaxstan vətəndaşından yaxşı yaşasın”.

/Yeni Müsavat/

0.12884306907654