ALDP sədri: Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqını dünyaya tanıtdı
“Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması, təkcə Bakı üçün yox, bütün Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Kasıb ailədə böyüyən Tağıyev öz zəhmətinin hesabına varlanaraq, tarixdə xeyriyyəçi, mesenat kimi qaldı”.
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Bakı şəhərində, Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılmasına münasibət bildirib.
Fuad Əliyevin sözlərinə görə, gec də olsa, axır ki, dövlət onu layiqincə qiymətləndirdi: “Keçən il Dövlət başçısı İlham Əliyevin 2020-ci ildə Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı verdiyi sərəncam təqdirəlayiqdir. Mesenat Tağıyevin Azərbaycan xalqın inkişafına, mədəniyyətinə verdiyi töhfələr saysız hesabsızdır. Hacı Zeynalabdin Tağıyev, Bakıda, Azərbaycanın digər şəhərlərində, hətta Tiflisdə belə, öz vəsaiti hesabına məktəblər açır. Minlərlə azərbaycanlının dünyada tanınmış universitelərə oxumaq üçün göndərir. Hacı Zeynalabdin Tağıyev özünəməxsus səxavətlə ehtiyacı olan şagirdlərə maddi yardım göstərir, ali tədris müəssisələrində təhsil alan onlarla tələbəyə təqaüd verirdi. Həmin tələbələr arasında sonralar görkəmli ictimai və dövlət xadimləri, alimlər, həkimlər, mühəndislər - Həsən bəy Ağayev, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əziz Əliyev, Ağa Axundov, Qara Axundov, Qarabəy Qarabəyov, Xudadad bəy Məlik-Aslanov, Şahbaz Rüstəmbəyov və bir çox başqaları var idi”.
“Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqını dünyaya tanıtdı. Onu Avropada xatırlayırlar. Mən Pakistanda səfərdə olarkən, onun haqqında eşitdiyim xoş sözlər yadımda qalıb. Deyilənə görə Pakistanda ölümcül xəstəlikdən 100 mindən çox insan dünyasını dəyişir. Hacı Zeynalabdin Tağıyev Pakistanda ölümcül xəstəliyin qarşısını almaq üçün ora 300,000-dən çox vəba vaksini göndərir. Pakistan xalqı bunu unutmamaq üçün öz tarixi kitablara salırlar. Bu kitablardan birini mənə göstərmişdilər. Hacı Zeynalabdin Tağıyev Pakistan və Azərbaycan xalqlarının dost və qardaşlıq münasibətlərin bünövrəsini qoyur. Pakistan xalqı onun bu yaxşılığını unutmayaraq, Qarabağ məsələsində Azərbaycan xalqın yanında oldu. Və bu günə qədər Pakistan Qarabağ məsələsinə görə Ermənistanı dövlət kimi tanımayan yeganə dövlətdir”- ALDP sədri Fuad Əliyev qeyd etdi.