ALDP sədri: Bu layihələrdə iştirak etməyən dövlət Amerikadır və problem...
Ölkə ictimaiyyəti regionda baş verən kataklizmləri özünün süzgəcindən keçirərək təhlil edir. Cənubi Qafqazın yeganə türk-müsəlman dövləti, Avropaya uzanan mühüm iqtisadi layihələrə rəhbərlik edən Azərbaycanın erməni işğalı nəticəsində yaşadığı gərginlik və 44 günlük zəfərdən sonra üçtərəfli sazişə əsasən Rusiya sülhmərmlılarının iştirakı ilə başlanan məlum proses gərgin və narahatlıq doğuran nüansları ilə diqqət çəkir.
Eyni zamanda, Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan Qazaxıstanda yanvar ayının əvvəlindən başlanan etirazlar və ölkədaxili durumun silahlı toqquşmaya qədər gərginləşməsi, Rusiyanın iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ölkəyə sülhməramlı yeritməsi və bu kontekstdə aparılan müzakirələr regionla bağlı oxşar situasiyaları və əks təsirlərin yeni bazasının yarana biləcəyi ehtimallarını ortaya çıxarır. Avropadan şərqə doğru Rusiya amilinə xüsusilə diqqət çəkən ekspertlər baş verən prosesləri bir-biri ilə əlaqələndirirlər. Artıq dünyanın diqqəti bu dəfə Ukraynada və yenə Rusiya faktoru öndə dayanır.
Bizim siyasi düşərgə hadisələrə hansı rakusdan yanaşır? Ümumən region nəyə şahidlik edir?
Bu və ya digər məsələlərlə vağlı Versus.az-a müsahibə verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev fərqli mövqe ortaya qoymaqla Azərbaycanın vaxt itirmədən atmalı olduğu addımları önə çəkib.
- Fuad bəy, Qazaxıstanı təhlil edən çox siyasilər qiymət artımı ilə bağlı başlanan etiraz dalğasının Azərbaycandan da yan keçməyəcəyini iddia edirdi. Qazaxıstan hadisələri ilə bağlı belə bir gözlənti hansı səbəblərdən ortaya atılmışdı və bu gün nəyi müşahidə edirik?
- Görünən odur ki, yeni il başlayandan cəmiyyət Qazaxıstan hadisələrini müzakirə edir. Mən bunun əleyhinəyəm. Ona görə ki, bizim özümüzün də kifayət qədər problemlərimiz var. Çörəyin qiyməti qalxıb, işığın, qazın qiymətlərinin qalxmasını hər kəs öz evində hiss edir. Təqaüdlərin yeni ildən qalxacağı ilə bağlı fikirlər səslənsə də, hələ ki, artım baş verməyib. Bu qədər problemlərimiz olduğu halda biz hələ də Qazaxıstan hadisələrini danışırıq. Düzdür, Qazaxıstandakı hadisələr qazın qiymətinin qaldırlması ilə başlamışdı. Amma unutmayaq ki, elə həmin ərəfədə bizdə də çörəyin qiyməti qalxdı. Və gördük ki, Qazaxıstan prosesləri heç də Azərbaycanda cərəyan edən hər hansı prosesə təsir etmədi. Birinci ona görə ki, Qazaxıstanda gedən proses klanlararası qarşıdurma idi. 30 ilə yaxın müddətdə hakimiyyətdə olan Nursultan Nazarbayev istər-istəməz bütün idarəçilik sisteminə öz adamlarını təyin etmişdi. Bu, vaxtilə Rusiyada hakimiyyətdə olan “Putin-Medvedyev” modelinə bənzəyir. Tokayev və Nazarbayev də belə bir model seçiblər. Belə ki, Nazarbayev özünə və Rusiyaya yaxın bir şəxsi - Tokayevi prezidentliyə gətirmişdi və o, təxminən 3 ildir ki, hakimiyyətdədir. Tokayev dövlət idarəçiliyinə özünün adamlarını təyin etiyi üçün bu, “Nazarbayev klanı” ilə toqquşmaya səbəb oldu. Və hakimiyyətdə baş verən toqquşmalar ölkədə belə bir etiraz dalğasının yaranmasına gətirib çıxartdı. Heç şübhəsiz ki, qazın qiymətləri qalxanda da Tokayev bundan istifadə etmək istədi. Və düşünürəm ki, Nazarbayev də təcrübəli bir siyasətçi kimi vaxtında istefaya getdi. Bir gün sonra isə Nazirlər Kabineti istefa verdi və meydan Tokayevə buraxıldı. Lakin dinc aksiyadan radikallar istifadə edərək iğtişaşlar yaratdılar və ortaya naməlum silahlı qruplar çıxdı. Belə bir vaxtda Tokayev öz hakimiyyətini qorumaq üçün Kollektiv Təhlükəsizlik Müqavilsi Təşkilatına müraciət elədi. Çünki polis əmrə tabe olmur, etirazçılara tərəf keçirdi. Tokayev öz hakimiyyətini qoruya bilməyəcəyindən qorxub bu addımı atdı.
Amma bizdə vəziyyət başqadır. Araşdırma aparsaq görərik ki, son bir neçə ildə bizdə çörəyin qiyməti qalxmayıb. Buna baxmayaraq, Pandemiya şəraitində oduğumuz son üç ildə dünyada taxılın qiyməti bir neçə dəfə qalxıb. Dövlət çörək istehsal edən zavodlara subsidiyalarla dəstək verdiyi üçün qiymətlər qalxmırdı. İndi bu gün “camaatın çörək imahanı”na çəkilməsindən danışırlar. Qiymət artımı isə tək çörəklə bağlı deyil. Əgər çörəyin qiyməti bir dəfə qalxdısa, 21 il ərzində demək olar ki, hər gün digər ərzaqların qiymətlərinin 10-15 qəpik qaldırıldığını müşahdə edirdik. Amma nədənsə buna reaksiya verən yox idi. Ona görə də Qazaxıstanı bu mənada tez-tez “örnək” götürmək də doğru deyil.
- Siyasətçilər həm də Rusiyanın Qazaxıstanı işğal etməsi və paralel Qarabağda yerləşən rus sülhməramlılarının regionda hansısa başqa iddialar irəli sürməsi təhlükəsi üzərində dayanırlar. Bu, eyni zamanda Türk Dövlətləri Təşkilatının formalaşdırılmasının qarşısını alan faktor kimi dəyərləndirildi. Məsələyə bu aspektlərdən yanaşmaq nə dərəcədə doğru idi?
- Mən bu fikrilərlə də razı deyiləm. Sual olunur - bəyəm Rusiya hərbisi, silahlı qüvvələri bundan əvvəl Qazaxıstanda yox idi? Axı, Rusiya qoşunları onsuz da KTMT çərçivəsində Qazaxıstanda fəaliyyət göstərirdilər də. Yaxud, bəyəm Qazaxıstan MDB ölkəsi deyilmi, Avrasya İttifaqının üzvü deyilmi? Ona görə də Rusiyanı Qazaxıstana yeni daxil olan bir güc kimi təqdim etmək də doğru deyildi. Rusiya ordusu, bazaları ordadır. Daha bundan sonra Rusiyanın bu ölkəyə hansı başqa təsiri olmalıdır? Ona görə də bu cür yanaşmaları yanlış hesab edirəm. Sülhməramlı qüvvələr Qazaxıstana daxil olanda dərhal bizdə belə bir isteriya, fikirlər yayıldı ki, ordan çıxmayacaqlar, bu işğaldır və sair. Amma artıq KTMT qoşunları çıxdı.
Digər tərəfdən, Türk Dövlətləri Təşkilatı və ona qarşı ola biləcək təsirlər çox qeyd olunur. TDT yaranmazdan əvvəl təşkilat Türk Şurası adı altında fəaliyyət göstərirdi. Hələlik ad dəyişib və Şura neçə ildir fəaliyyət göstərir. Rusiya istəsəydi yəqin ki, Türk Birliyinin yaranmasına qarşı çıxardı. Bütün hallarda biz istədiyimiz Türk Birliyi modelinə nail olmaq üçün üzərində çox işləməliyik. Bu təşkilatın inkişafı prosesində aparıcı ölkə Türkiyədir. Nə vaxtsa bu təşkilat ciddi şəkildə formalaşacaq, inkişaf edəcək və hansısa formada dünyaya səs salacaqdır. Bunun üçün də illər lazımdır. Əlbəttə ki, Azərbaycan bunun marağındadır, Türkiyə də əsas güclü dövlət kimi öndə dayanmalıdır. Və digər türk dövlətləri də buna dəstək verməlidir. Hesab edirəm ki, Türk Birliyinin gücləndirilməsində, inkişafında Azərbaycanla Türkiyə hazırdır. Digər türk dövlətləri də bu istiqamətdə irəliyə doğru addımlar atmalıdır. Mən deyərdim ki, Türkmənistan da bu prosesə hazırdır.
- Qazaxıstan hadisələrində hətta Türkiyə siyasətçiləri də öz dövlət rəsmilərini qınadılar ki, nəyə görə Türkiyə sərt çıxış etmədi və sadəsə proseslərə təəssüf etməklə keçdi...
- Məncə bu normal mövqedir. Əgər Türkiyə hiss etsəydi ki, Qazaxıstanda baş verən hadisələr Türkiyə Birliyinə mənfi nəsə gətirəcək, o zaman tamam başqa mövqe göstərəcəkdi. Türkiyə də bilirdi ki, Qazaxıstanda baş verənlər klanlar arasında olan toqquşmadır. Müşahidə etdinzsə, Qərb də buna soyuq münasibət bildirdi. Çünki bu daxili klanların mübahisəsi olub. Düzdür, Rusiyanın orda olması əsas mübahisəli məqam kimi önə çəkilir. Mənim burda Rusiyanı müdafiə etmək kimi fikrim yoxdur, lakin bir daha qeyd edim ki, Rusiyanı ora Tokayev çağırmışdı və KTMT daxilində o quruma daxil olan digər millətlərin əsgərləri də orda iştirak edib. Hə, o doğrudur ki, bu prosesin arxasında dayanan güc Rusiyadır və bu da hamıya aydındır. O ki qaldı Rusiyanın Qazaxıstana KTMT adı ilə girməklə verdiyi mesaja, mənə belə gəlir ki, bu mesaj Qazaxıstana aid deyil. Məncə bu mesaj daha çox Ukrayna və ABŞ-ın, NATO-nun Ukrayna ilə bağlı olan mövqeyinə aiddir. Rusiya göstərdi ki, mən 1 saat ərzində Ukraynaya ordu yeridə bilərəm. Əgər NATO qoşunları Ukraynaya gələrsə, bir saat ərzində Ukrayna heç nə olacaq. Yəni açıq şəkildə silahlı müqavimət göstərəcəklər. Digər tərəfdən, hesab edirəm ki, bu prosesin Rusiya-Çin münasibətlərinə də heç bir təsiri olmaz. Çünki Rusiyanın da “bir kəmər, bir yol” layihəsində maraqları var, “Zəngəzur yolu”nun açılmasında maraqları var. Ümumiyyətlə, bu iqtisadi layihədə Türkiyə, Rusiya, Qazaxıstan, Çin, Pakistan, İran və Azərbaycandan keçdiyi üçün bu dövlətlər bunda maraqlıdır. Və bütün bunların hamsında Rusiya iştirak edəcək. Bu layihələrdə iştirak etməyən dövlət Amerikadır və problem də burdan başlayır...