ALDP sədri: Kimisə tənqid etməzdən qabaq birinci özünü tənqid etməlisən

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Baku News-a müsahibəsi.

- Fuad bəy, vaxt vardı insanlarımız yaxşı qazanc dalınca Rusiyaya üz tutardılar. Bu gedişlərin bir dönüşü də olurdu. Bu gün də gedənlər var, ancaq fərqli ölkələrə və geri dönüşləri də sual altındadır. Nə baş verir?

- Statistik məlumata görə, 3 milyona yaxın insanımız çörəkpulu üçün Rusiyaya işləməyə gedib. Bu, Azərbaycan üçün böyük bir itkidir. Gedənlər 20-45 yaş arasındadır. Halbu ki, onlar Azərbaycanda qalıb işləməklə öz ailələrini saxlaya bilərdilər. İqtidar nümayəndələri belə çıxışlar edirlər ki, guya xeyli iş yerləri açılıb. Fakt isə budur ki, işsizlik baş alıb gedir. Bu gün insanlar müəyyən yerlərdə yolun kənarında dayanıb, iş təklifi gözləyirlər.

- “Qul bazarı” deyirdilər.

- Bu sözü işlətməklə onları aşağılamaq istəmirəm, çox üzücü bir görüntüdür. Rusiyaya, ABŞ və Avropaya bir axın müşahidə olunmaqdadır. Bəziləri sığınacaq məqsədilə, bəziləri də güzəranının ağırlığı səbəbindən ailəvi şəkildə ölkəni tərk edir. Onlar övladlarını da orada böyüdəcəklər. O uşaqlar artıq Avropa təhsili alacaqlar və bu da  Azərbaycana dönüşün olmayacağından xəbər verir. Bu, Azərbaycan üçün böyük zərbədir. Hesab edirəm ki, ora gedənlər Azərbaycanda qalıb bacarıqlarını, savadlarını ölkəmiz üçün sərf etsəydilər, bu, bizim xeyrimizə olardı. Təəssüflər olsun ki, Avropaya gedib yaşadıqları ölkəyə xeyir verəcəklər. Yəni bu baxımdan da uduzuruq.

- Bunun qarşısının alınması mümkün deyil?

- Hər şey təhsildən başlayır. Təhsil sistemini dəyişmək lazımdır. Bu sistemdə çalışanlara yükşək maaş verilməlidir ki, bütün güclərini öz işlərinə versinlər. Daha az maaş aldıqları üçün dərsdən sonra hansısa mərkəzlərdə yüksək maaşa əlavə dərs keçməsinlər. Eyni zamanda səhiyyə sistemi dəyişməlidir. Həkimlərin də maaşları yüksək olmalıdır ki, o Hippokrat andını yüksək tutsunlar, əlavə pul qazanmaq üçün başqa yollara əl atmasınlar. Amma bizdə sosial problemlər, maaşın az olması ona gətirib çıxarır ki, müəllim də, həkim də dilənçi kimi vətəndaşlardan pul istəyirlər.

- Siz düşünürsüz ki, maaşın çox olması həkimin savadını artıracaq?

- Ona görə də deyirəm ki, öncə təhsil. Bakı Tibb Universitetinə savadlı müəllimlər gəlməlidir. Amma nə baş verir? Universitetə pulla daxil olurlar, oxuyanda pul verirlər və sair. Bunlar hamısı faktdır. Sözsüz ki, oxuyan tələbələr də var. Tələbələrin çoxu oxumur, fikirləşir ki, onsuz da bu sessiyada pul verəcək. İmtahanlar da onun kimi. Beləcə, təhsili başa vururlar. Və artıq savadsız müəllimlər ordusu yaranır ki, onlar da bizim övladlarımıza dərs deyirlər. Getdikcə də sayları artacaq. Ona görə də qeyd etdiyimiz xaricə axın davam edəcək, savadlılar ölkədən çıxıb gedəcəklər. Bu, yaxın 20 il ərzində Azərbaycana böyük zərbə olacaq.

- Fuad bəy, bir neçə müxalifət lideri ilə söhbətimiz zamanı belə bir fikir işlədiblər ki, cəmiyyətimiz xəstədir, cəmiyyət sağalmalıdır ki, nəsə etmək mümkün olsun. Maraqlıdır, bu fikrin sahibləri özləri sağlamdılarmı?

- Siyasətçilər elə bu cəmiyyətin içindən çıxıb. Kiməsə sağlam, kiməsə xəstə demək düz deyil axı. Cəmiyyət xəstədirsə, sən özün də xəstəsən. Hər kəs cəmiyyətin bir üzvü kimi birinci özündən başlamalı, özünü sağaltmalıdır. Kimisə tənqid etməzdən qabaq birinci özünü tənqid etməlisən. Ümumiyyətlə vətəndaş olaraq hər kəs birinci özünütərbiyədən başlamalıdır. Bu zaman cəmiyyət öz-özünə sağalmağa başlayacaq. Yəni cəmiyyəti kiminsə resepti ilə sağaldan deyil.

- Cəmiyyətdə insanların öz yerini tutması və pillə-pillə inkişaf etməsi üçün  işləmə mexanizmi necədir?

- Vaxtilə sovetlər ittifaqında Kommunist Partiyası, Pioner, Komsomol təşkilatları var idi və burda dövləti idarə etmək üçün insanları yetişdirirdilər. Bu gün bu yoxdur.  2002-ci ildə proporsional seçki sistemi ləğv olunandan sonra ümumiyyətlə partiyaların funksiyası da itdi. Ondan qabaq partiya daxilində idarəçiliyin üsullarını öyrənirdik və rəqabət də var idi. Özünü sədr müavini görmək istəyən hər kəs öz üzərində işləyirdi. Çalışırdı ki, həm savadını, başqa biliklərini artırsın. Amma indi bunlar lazım gəlmir. Hakimiyyət belə bir üsulla idarə edir ki, ancaq müəyyən qruplara yaxın olmalısan, vacib deyil, sən bu peşənin mütəxəsisən yoxsa yox. Tamam başqa bir sahənin adamını gətirib aid olmadığı sahə üzrə nazir qoyurlar. Bu səbələrdən heç bir sahədə işlər yolunda deyil. Yenə məsələni təhsilin üzərinə gətirirəm. Təhsil sietemində uyğun olmayan adam oturub gözləyir ki, görsün ona nə göstəriş verirlər.

- Siyasətçilər əsasən demokratik seçkini önə çəkirlər, deyək ki, buna da hələ ki, çata bilmirik. Onda hansı yollara əl atılmalıdır. Bu günün tələbi nədir?

- Təbii ki, birinci növbədə demokratik seçkilər yolu ilə. Amma az öncə qeyd etdiyim kimi, proporsional seçki sistemi ləğv olunandan sonra partiyaların əhəmiyyəti cəmiyyətdə hələ ki, itib. Buna baxmayaraq əsas işimiz insanlar arasında maarifləndirmə işlərini gücləndirməkdir, Vətəndaş bilməlidir ki, o,  mütləq gedib seçkidə iştirak etməlidir. Məntəqədə tutaq ki, 1500-1700 seçici var, bunun hamısı gedib səs versəvə orda hakimiyyət əlavə 1-2 bülleten atsa bunun nəticələr ləğv olunur. Axı vətəndaşlarımız seçkiyə getmir. Hakimiyyət müəllimləri məcbur edir ki, bir-bir zəng edib valideynləri çağırsınlar ki, mütləq gəlin seçkidə iştirak edin.

- Belə fikirlər var ki, parlamentdə yeniləşmə labüddür. Bunu iqtidardaxili gərginliklərin olması ilə əlaqələndirirlər. Qərbin təsirləri, iqtidardaxili münasibətlər parlamentdə o deyilən yeniləşməni doğura bilərmi?

- Parlament sözssüz ki, yeniləşəcək, yeni simalar olacaq. Hakimiyyət daxilindən yeni simalar gələcək. Hər bir halda fərqi yoxdur, sistem dəyişməsə, iqtidarın özünün müxalifətə, cəmiyyətə münasibəti dəyişməsə, parlamentdə kimin olmasından asılı olmayaraq dəyişiklik olmayacaq.

- Fuad bəy, parlamentdə müxalifət var?

- Mən yenə də deyirəm ki, hakimiyyətdə birpartiyalılıq sistem var. Bu da onu göstərir ki, bir iqtidar partiyası var, bir də müxlifət partiyası. Onu da deyim ki, “iqtidaryönlü”, “müxalifətyönlü” partiyalar termini yalnız Azərbaycandadır. Bütün hallarda iqtidaryönlü partiya varsa, o da onun komandasına daxil olmalıdır. Parlamentdəki müxalifət partiyaları dövlət strukturlarında təmsil olunmalıdırlar. Bütün hallarda isə əsas odur ki, parlamentdə hansı məsələlər qaldırılır. İqtidar da olsan, müxalifət də olsan əhalini narahat edən problemləri müzakirəyə çıxarmalısan. Bu istiqamətdə problemlərin parlamentdə qabardılması baxımından daha aktiv partiya kimi MCP, BQP, Vəhdət və BAXCP-nin adını çəkə bilərəm.

0.10250806808472