ALDP sədri: Biz mərhələli şəkildə bu məsələləri yoluna qoyacağıq

Separatçıların uydurma “parlamenti” “artsax ərazilərinin işğalı haqda qanun”u müzakirəyə çıxarmağa hazırlaşır. “Yeni Müsavat” bildirir ki, qondarma rejim “işğal olunmuş ərazi” deyəndə təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini nəzərdə tutmur, həmçinin keçmiş Şaumyan, Laçın, Kəlbəcər və heç vaxt ermənilərin yaşamadığı daha bir neçə rayonumuzu ehtiva edir.

Əlbəttə ki, bu növbəti kağız parçasından və əsəblərimizlə oynamaq cəhdindən başqa bir şey olmayacaq. Ancaq bir nüans var - separatçılar öz aləmlərində bununla azad olunmuş ərazilərimizdə çalışan xarici şirkətlərə, insanlara terror təhdidi yaratmaq üçün “hüquqi əsas” qazana biləcəklərini zənn edirlər. Yəni hədəf həm də bərpa-quruculuq işlərinin getdiyi ərazilərdə çalışan xarici şirkətləri, sadəcə, insanları hədəf almaq üçün “hüquqi zəmin” yaratmaqdır.

Çünki “qanun” layihəsində deyilir ki, xarici şirkətlər Xankəndindən “icazə” almalıdır. Üstəlik, elə bir zamanda ki, Qarabağ anklavına, Xankəndinə xaricdən erməni terrorçu dəstələrinin - “VoMA” qruplaşmasının yığışması prosesi gedir. Maraqlıdır ki, məhz bu fonda Qarabağda Azərbaycan maşınlarını ruslarla birgə “artsax polisi” də yoxlamağa başlayıb. Yəni artıq özlərini tam cəzasız hiss eləməyə başlayıblar.

Azərbaycanın bütün bu təxribatlara cavabı, ön tədbirləri nələr olmalıdır? Bu məsələdə gecikmirikmi? Belə görünür ki, söz artıq kar eləmir. Üstəgəl, sülhməramlılar da onlara qalxan çıxıblar və tamamilə arxayınlaşıblar. Ancaq Azərbaycan ərazilərində bu cür separatçı davranışların bir sərt cavabı olmalıdır. Qondarma rejim cəzasızlıq olduğunu gördükcə, azğınlaşır. Halbuki nəzarətimiz olmayan bu ərazilərdə suverenliyimiz təmin edilməlidir. Baxmayaraq ki, üçtərəfli sazişdə sülhməramlı qoşunların yerləşməsi ilə paralel erməni silahlı dəstələrinin evakuasiyası göstərilib, indiyə qədər 4-cü bənd nəinki icra olunmur, getdikcə arxayınlaşırlar.

Ona görə Azərbaycan tərəfi Qarabağın dağlıq hissəsində separatizmin məhv edilməsi, mülki erməni əhalisinin inteqrasiyası üçün konkret proqramlar irəli sürməlidir. Bəs, rəsmi Bakı hansı siyasəti seçməlidir? Hazırkı reallıq nə qədər davam edə bilər?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev hesab edir ki, hakimiyyətin planları mövcuddur. Partiya sədri güman edir ki, sözügedən ərazilərdə suverenliyin təmin edilməsi üçün təmkinli siyasət yürüdülür. F.Əliyev separatizmin uzunömürlü olacağını düşünmür: 

“Bu, hara qədər davam edə bilər? Xankəndi və ətraf ərazilərdə cəmi 27 min erməni yaşayır. Onların qəbul etdiyi qondarma qərarlar, müzakirəyə çıxardığı ”qanun"lar cəmi 27 min yoxsul, gələcəyə ümidi olmayan ermənini əhatə edə bilər. Onlar sabah nə olacağını bilmirlər. Erməni əhalisi anlayır ki, ya Ermənistana, ya Rusiyaya köçməlidir, ya da bizim vətəndaşımız olmalıdır. Bu seçimi Böyük Qayıdış baş verəndə etməli olacaqlar. İndi quruculuq gedir, 800 min köçkün yurd-yuvasına dönsün, bu çoxluğun içində 27 min erməni tab gətirə bilməyəcək, ya bizim qanunlarla yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Ona görə hökumət səbrli siyasət aparır".

ALDP sədrinin sözlərinə görə, ermənilərin Xankəndi və ətraf ərazilərdə qalması, saylarının artırılması üçün dəridən-qabıqdan çıxırlar: 

“Sülhməramlı qüvvələrin də bu məsələdə ”əməyi" az deyil. Prezident dedi ki, gələnlərin 91 faizi yoxlanılmır, çıxanların isə 46 faizi yoxlanılır. Deməli, onların bölgədən getməməsi üçün çalışırlar. Yəni, bəli, bu gün separatizm problemi mövcuddur, ancaq biz 2025-ci ilə qədər sənəddə göstərilən müddəaların icrasını gözləyəcəyik. Sonra qayıdış olacaq, addımlar atılacaq, erməni əhalisi üçün əski parçası olan həmin “qanun”lar da sabun köpüyünə çevriləcək, heç bir hüquqi əsası yoxdur. Çünki qondarma respublikanın müstəqilliyini heç Ermənistan tanımır, biz mərhələli şəkildə bu məsələləri yoluna qoyacağıq".

ALDP sədri deyir ki, Azərbaycan antiterror əməliyyatını keçirmək hüququnu özündə həmişə saxlayır: 

“Ancaq biz sülhməramlılar qarşısında tələblər qoymuşuq, 10 noyabr sənədində Rusiya prezidentinin imzası var, götürülən öhdəliklər icra ediməlidir. İndi əməliyyatlara başlasaq, haqlı ikən bizə qarşı qərəzli münasibət sərgilənəcək, beynəlxalq aləm ermənilərin müdafiəsinə qalxacaq, yalandan deyəcəklər ki, mülki əhalini öldürürük, etnik təmizləmə siyasəti aparırıq. Odur ki, asan görünməsin. Biz çalışmalıyıq ki, keçmiş Dağlıq Qarabağ ərazisinə köçkünlərin qayıdışına nail ola bilək, buna da zaman lazımdır”.

0.089810132980347