ALDP sədri: Görün Qərb nə günə düşüb ki, küçə adamlarına meydan verir

Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin və Avropa İttifaqında demokratik proseslərə xarici müdaxilə üzrə Xüsusi Komissiyanın birgə iclasında “Azərbaycanda insan hüquqları pozuntuları və Bakının Aİ-nin siyasətinə müdaxiləsi”  mövzusunda müzakirələr olub. “Yeni Müsavat” “Turan”a istinadən  xəbər verir ki, “dinləmələrdə” xaricdən Azərbaycana və hakimiyyətə nifrət püskürən Məhəmməd Mirzəli və sabiq diplomat Arif Məmmədov iştirak ediblər.

Bu, AP və Aİ adına rüsvayçılıqdır. Onların dəvət edilməsi bu müzakirələrin obyektivliyinə bəri başdan şübhə etməyə əsas verib. Müzakirələr Avropa Parlamentinin fransalı deputatı Bernard Kettanın sədrliyi ilə keçirilib. Müzakirələrdə avropalı parlamentarilər - Rafael Qluksman, Natali Luazo, İzabel Santos, Haydi Hautala, Marketa Qreqorova, Amnesty İnternational-ın Avropa və Mərkəzi Asiya üzrə keçmiş direktoru, hazırda “Avropada sabitlik təşəbbüsü”nün rəhbəri, britaniyalı Con Daluzen də iştirak ediblər. 

Tədbirdə Avropa İttifaqı - Azərbaycan münasibətlərinə, Azərbaycanın “Şərq Tərəfdaşlığı”na üzvlüyünün məntiqəuyğunluğuna, insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması və korrupsiyaya qarşı mübarizə üçün rəsmi Bakıya mümkün təzyiq vasitələrinə toxunulub. Dinləmə iştirakçıları Aİ-ni vəsaitdən istifadənin şəffaflığına zəmanət verilmədiyinə görə Azərbaycana 2 milyard dollar ölçüsündə maliyyə yardımı ayırmamağa çağırıblar. Onlar həmçinin Azərbaycan və Aİ arasındaki yeni sazişdə insan hüquqlarına xələl gətirilməklə, energetika məsələlərinin ön plana çıxarılacağı ilə bağlı narahatlıqlarını ifadə ediblər. Sazişin ilkin mətninin nəşr edilməsi zərurəti vurğulanıb.

Göründüyü kimi, Avropa Parlamenti Azərbaycanla bağlı müzakirələri birtərəfli keçirib və reputasiyası şübhəli olan “siyasi fəalları” dəvət edərək  ölkəmizə qarşı yeni həmlə təşkil edib. Moderatorluğu ənənəvi olaraq Azərbaycana qarşı qərəzli münasibətləri ilə seçilən fransalı deputatın etməsi də çox şey deyir. Beləliklə, Azərbaycana münasibətdə qərəzli mövqeyi ilə seçilən Avropa Parlamenti bu dəfə “söyüş müxalifəti” ilə birləşərək ölkəmizə qarşı ittihamlar irəli sürüb, Avropa İttifaqının 2 milyard avro yardımını da əngəlləmək üçün hərəkətə keçiblər. Bu isə əlbəttə ki, erməni lobbisinin maraqlarına xidmət edir. “Qarabağ” futbol klubunun xaricdə məğlubiyyətinə sevinən və bunu yaramaz sözlərlə ifadə edib yayan Mirzəli kimilər sığındıqları Fransadan Azərbaycana qarşı istifadə edirlər. Bəs Avropa Parlamenti niyə öz reputasiyasını bu dərəcədə ləkələməyə razı olur? Bu kimi müzakirələrin Azərbaycan-Aİ əlaqələrinə hansı təsirləri ola bilər? Niyə Qərb təşkilatları bizə qarşı qərəzli münasibəti dayandırmır və ardıcıl olaraq əleyhimizə iş aparırlar?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirdi ki, söyüş müxalifətini başda oturdanlar onları maliyyələşdirən dairələrdir. Partiya sədrinin sözlərinə görə, Avropa Parlamenti özünü gözdən salan ciddi səhvə yol verib: 

“Söyüşlə, təhqirlə ”mübarizə" üsulu seçmiş adamlara tribuna verilməsi biabırçılıqdır. Qərb insan haqları, plüralizm, sivil cəmiyyətdən danışır, amma zombiləşmiş, marginal şəxslərə meydan açır. Əgər Avropa Parlamenti qərəzli olmasaydı, tədbirə daha sağlam tənqid səsləndirənləri çağırardı, Azərbaycan tərəfindən də rəsmi mövqe üçün nümayəndə dəvət olunardı. Əslində bundan əvvəl də bu qurum əski parçasına oxşayan qətnamələr qəbul edib, amma görünür, təsir mexanizmi olmadığını anlayıb “söyüş maşını”nı işə salmağa başlayıblar".

Fuad Əliyev Azərbaycana zəhər püskürən, nalayiq ifadələrlə çıxışlar edən həmin şəxslərin yerinin AP tribunası olmadığını bildirdi: 

“Onlar təhqirlərə görə cavab verməlidirlər. Görün Qərb nə günə düşüb ki, Mirzəli kimi küçə adamlarına meydan verir. Bu cür xain adamlar isə dövlətə ayrılan 2 milyardı verməməyə çağırır. Hətta bu cür çağırışları Ermənistanda belə kimsə səsləndirməyib. Avropa Parlamenti sağlam müxalifətə yox, ”söyüş müxalifət"inə şərait yaratmaqla öz səviyyəsini aşağı endirmiş oldu. Bu cür “dinləmə”lərlə özünü ucuz tutan qurumdan artıq heç bir obyektivlik gözləməyə dəyməz. Çünki onlar erməni lobbisinin girovuna çevriliblər və Qarabağın azad edilməsini həzm edə bilmirlər".

 

0.056485891342163