ALDP sədri: Bəzi partiyalar müxalifət nümayəndələri, vətəndaşları qeyri-qanuni həbs etdirən Eldar Həsənovu müdafiə edirlər

AMEA prezidenti Ramiz Mehdiyev, nəhayət, postundan istefa verib. O, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə rəsmi ərizəsini bu gün (15 fevral) təqdim edəcəyini açıqlayıb.

AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev bildirib ki, fevralın 14-də keçirilən iclasda Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib.

O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub:

“Ramiz Mehdiyev bildirib ki, fevralın 15-də cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.

Mehdiyev təmsilçisi olunduğu hakim komandaya asi çıxmaqda davam edirdi və istefası də qarşılıqlı olaraq tələb edilirdi. “Boz kardinal” isə çıxışlarında nəinki hökuməti hədəf alır, hətta onu istefaya çağıranları açıq şəkildə təhdid edir, ən müxtəlif ifadələrlə aşağılayırdı.

Onun davranışları radikal müxalifətdən heç də fərqlənmirdi. İstefasından sonra onun daha sərt mövqe tuta biləcəyi ehtimal olunur.

Ramiz Mehdiyev radikal müxalifətlə birləşə bilərmi?

İllər öncədən Mehdiyevin müəyyən kanallarla radikallarla əlaqəsinin olmasına dair söyləntilər vardı. Hətta müxalifətin keçirdiyi bəzi mitinqlərin göstərişinin “Boz kardinal” tərəfindən verildiyinə dair iddialara da rast gəlinib.  Bu iddianın nə qədər doğru olub-olmadığını deyə bilmərik. Fəqət, onun bu gün hakimiyyətə qarşı ən radikal siyasi fiqura çevrildiyi göz önündədir.

Son proseslərdə bir mənzərə də diqqətləri xüsusilə çəkir. Belə ki, özlərini radikal müxalifət adlandıran qurumların rəhbərləri var ki, hələ də R.Mehdiyev məsələsinə münasibət bildirməyiblər. Halbuki bloger müxalifəti kimi özlərini aparan bu siyasətçilər hakimiyyəti tənqid etmək üçün gecə-gündüz bəhanələr, yollar axtarırlar.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Mehdiyevin müxalifətlə əlaqələrini istisna etmir:

“Ramiz Mehdiyevin nəinki radikal müxalifətlə, digər bəzi müxalif partiyalarla birləşməsini də istisna etmirəm. Bu partiyalar onun geniş imkanlarından yararlanmaq üçün hətta onu özləri üçün lider elan edə bilərlər. Vaxtilə Əli İnsanovla bağlı  dediklərini unutmayaq. Ona korrupsionerdir, rüşvətxordur deyənlər, sonradan bunu yaddan çıxarıb onunla görüşüb əməkdaşlıq haqqında razılaşdılar.  Müxalifət nümayəndələri, vətəndaşları qeyri-qanuni həbs etdirən Eldar Həsənovu müdafiə edirlər. Prinsiplərdən uzaq olan bu müxalifət nümayəndələri öz şəxsi maraqlarını həyata keçirmək üçün istənilən ”vurulmuş" korrupsioner, rüşvətxor  məmurla birləşməyə hazırdırlar. Bəziləri isə çoxdan bu məmurların “cib” müxalifətidir. Ona görə Mehdiyevin bəzi müxalifət nümayəndələri ilə birləşməsini istisna etmirəm, hələ bəlkə də çoxdan birləşiblər".

/Yeni Müsavat/

0.049314022064209