ALDP sədri: Qərb-Rusiya qarşıdurmasından iki slavyan xalqı əziyyət çəkməməlidir

“Azərbaycan Prezidentinin Ukraynaya humanitar yardım göndərməsi heç də Rusiya dövlətinə qarşı yönəlmiş siyasət deyildi, bu, dost ölkəyə müharibə dövründə dəstək idi. Biz 30 il işğala məruz qalmışıq, müharibənin bütün faciələrini yaşamışıq, belə bir ədalətsizliklə qarşılaşmış ölkənin Ukraynaya kömək etməsi insani bir davranışdır”.

Bu sözləri TİA.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiya və Ukrayna arasında vasitəçilik rolu oynamalı, hər iki ölkə ilə münasibətləri inkişaf etdirməlidir. Partiya sədri hesab edir ki, bu məsələdə Türkiyə də barışdırıcı missiyanı yerinə yetirməlidir:

“İki qardaş ölkə olan Türkiyə və Azərbaycan iki qardaş xalqları, slavyan xalqlarını barışdırmaq, müharibəni dayandırmaq üçün sülhpərvər mövqedən çıxış etməlidirlər. Düşünürəm ki, Qərb-Rusiya qarşıdurmasından iki slavyan xalqı əziyyət çəkməməlidir. Rusiya və Ukrayna arasında heç zaman tarixi düşmənçilik olmayıb. Bu gün NATO-nun şərqə doğru genişlənmək planı ucbatından iki xalq bir-birinə atəş açır. O baxımdan Azərbaycan bu müharibədə diplomatik siyasətini düzgün qurub, hər iki ölkə ilə münasibətləri inkişaf etdirir”.

0.048931121826172