Türkmənistanda növbədənkənar prezident seçkisi keçirilir

Bu gün Türkmənistanda prezident seçkiləri keçirilir.

Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:00-da) seçki məntəqələri faəliyyətinə start verib. Növbədənkənar seçkidə seçicilər doqquz namizəddən birini seçəcəklər. Səsvermə yerli vaxtla 19.00-dək (Bakı vaxtı ilə saat 18:00 qədər) davam edəcək.

Səsvermə ölkə ərazisində 2,5 mindən çox, eləcə də Türkmənistanın xaricdəki diplomatik və konsulluq idarələrində təşkil olunmuş 41 seçki məntəqəsində aparılır.

Fevralın 11-də ölkənin hazırkı prezidenti Qurbanqulu Berdiməhəmmədov 15 illik fəaliyyətindən sonra yerini gənc rəhbərə vermək istədiyini bəyan edib. Lakin o, ölkə parlamentinin yuxarı palatasının sədri vəzifəsindən getməyib.

Mərkəzi Seçki Komitəsi Türkmənistan prezidenti vəzifəsinə doqquz namizədi qeydə alıb ki, onlardan biri də hazırkı prezidentin oğlu Sərdar Berdiməhəmmədovdur (Türkmənistan Demokratik partiyası).

Prezidentlik yarışına həmçinin Aqrar partiyadan Ağacan Bekmıradov, Sənayeçilər və Sahibkarlar partiyasından Bebamırat Meredov, eləcə də vətəndaşların təşəbbüs qruplarından Perhat Begencov, Berdımammet Qurbanov, Maksatmırat Ovezgeldiyev, Kakageldi Sarıyev, Maksat Odeşov, Xıdır Nunnayev də qoşulublar. 

Türkmənistan qanunvericiliyinə görə, seçkidə yetərsay müəyyən olunmadığından, seçicilərin istənilən aktivliyində seçki baş tutmuş hesab olunacaq.

Türkmənistanda bundan öncəki prezident seçkisi 2017-ci ildə keçirilmişdi.

Yeni prezidentin inauqurasiyası martın 19-na planlaşdırılıb.

Mənbə: İnterfaks

0.59058809280396