Partiya sədri: Son illər sosial şəbəkə və onlayn televiziyalar vasitəsi ilə öz sözlərini deyir, tələblər irəli sürürlər

“Vətəndaşların rifahı üçün verilən qərarlar sözsüz ki, yaxşıdır. Amma islahatlar həm də bu sualı yaratdı: nəyə görə indiyə qədər aparılmırdı, bu, o vaxt niyə baş vermirdi və indi niyə baş verir?”

Bu barədə Baku News-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib. Partiya sədri son vaxtlar aparılan islahatların əhəmiyyətini və səbəblərini şərh edib.

Onun sözlərinə görə, hakimiyyət daxilində qruplaşmalar var idi. Onlardan bir qrupu islahatlara gedir, digər qrup isə bunun əleyhinə çıxış edərək konservativ qərarlar verirdilər. Fuad Əliyev bildirib ki, daxili çəkişmələrə baxmaraq, hakimiyyətin liberal qanadı daha üstün çıxaraq vətəndaşlar üçün uğurlu olan addımları atıb:

“Amma islahatlar əleyhinə çıxan digər qanadın gözləmə mövqeyində dayanıb, sonradan hansı addımları atacağını bilmək olmaz. Yəni vətəndaş üçün gərəkli olan addımların atılmasında qəti və yekdil fikir yox idi”.

ALDP sədri həyata keçirilən islahatlarda bütövlükdə  ictimaiyyətin sosial şəbəkələrdə fəallığın təsirinin olduğunu qeyd edib:

“İnsanlar bir neçə il bundan qabaq hansısa problemlər barədə fikir söyləməyə çəkinirdilər. Artıq son illər sosial şəbəkə və onlayn televiziyalar vasitəsi ilə öz sözlərini deyir, tələblər irəli sürürlər. Təbii ki, hakimiyyətdə oturanlar da ağıllı insanlardır və cərəyan edən prosesləri görür, nəticələr çıxarırlar”.

ALDP sədrin sözlərinə görə, vətəndaşların xeyrinə olunan bəzi qərarlar böyük bir kütləvi narazılığın qarşısını aldı:

“Dövlətin inkişafını təmin edəcək ən əsas islahatlar seçki islahatlarıdır. Müxalifət olaraq növbəti islahatların demokratik seçkilərlə bağlı olmasını arzu edərdim. Dövlətin inkişafını təmin edəcək ən əsas islahatlar seçki ilə bağlıdır. Seçkilər demokratik keçirilməlidir və demokratik parlament formalaşmalıdır. Biz hamımız, müxalifət və iqtidar, həqiqi seçkilərin keçirilməsinə çalışılmalıyıq. Müxalifətə imkan yaradılmalıdır ki, heç bir saxtakarlıq olmadan öz gücünü ortaya qoya bilsin. Nəyə görə 700 minlik YAP, hamısı bir yerdə 50 min olan müxalifətdən qorxmalıdır? Siz demokratik seçkilər keçirin, qoy insanlar kimə səs verəcəklərinə özləri qərar versin və heç bir bəhanəyə də ehtiyac qalmasın. Əsas budur. İkincisi parlament müstəqil qərarlar verməlidir və özü Nazirlər Kabinetini formalaşdırmalıdır. Ciddi məhkəmə islahatları aparılmalıdır. Məsələn mən, hakimlərin ömürlük olmasına etiraz edirəm. Elə edilməlidir ki, bütün islahatlar cəmiyyət üçün xeyirli olsun”.

 

 

0.052880048751831