Liya Axedjakova: “Artıq bu xüsusi əməliyyatdan təmizə çıxmaq heç vaxt mümkün olmayacaq” - ÖZƏL

Rusiyanın Xalq artisti, əfsanəvi sovet aktrisası Liya Axedjakova uzun müddətdir ki, ardıcıl olaraq Ukraynada keçirilən hərbi əməliyyatlara qarşı çıxış edir.

Hələ hərbi əməliyyatlar başlamazdan əvvəl o, “Sülh tərəfdarlarının bəyanatı”na imzasını atıb.

Bu yaxınlarda o, prinsipial olaraq Moskvanın “Sovremennik” Teatrından istefa verməkdən imtina edib, baxmayaraq ki, Liya Axedjakova Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın əleyhinə çıxış edir.

Bakunews.media Liya Axedjakova ilə əlaqə yaradıb. Aktrisa təbəssümlə jurnalistlərin “hücumuna” məruz qaldığını bildirib:

“Təxminən 10 dəqiqə əvvəl mənə Tbilisidən jurnalistlər zəng etmişdi, indi Azərbaycandan zəng gəldi. Bu, hətta mənə bir qədər narahat etdi...”.

- Bizə indi harada olduğunuz barədə bir qədər məlumat versəniz yaxşı olar. Bir müddət əvvəl Rusiyanı tərk etdiyiniz barədə məlumat yayılmışdı...

- Bəli, yayılan bu xəbərlərdən məlumatım var. Nə qədər utancverici olsa da, mən ümumiyyətlə internet məkanında yoxam. Baş verənlər barədə məlumatı ərimdən öyrəndim. Mən Moskvadayam və heç yerə də getməmişəm.

- Ukraynada baş verən hadisələrlə bağlı Rusiyanın yaradıcı ziyalılarının rəyi niyə haçalandı?

- Axı, insanların hamısı fərqlidir. Kimisi karyerası ilə məşğuldur, kiminsə Ukraynada yaşayan insanlarla şəxsi münasibətləri var. Bəzilərinin orada qohumları var. Kimsə idarəetmədə olmaq istəyir və ona görə də bu hökuməti dəstəkləməlidir. Teatrda da, kinoda da, sənət adamları arasında da, ümumiyyətlə hər yerdə insanlar müxtəlifdir.

- Adətən yaradıcı insanlarda intuisiya inkişaf etmiş olur. Politoloqların, hərbi analitiklərin dilə gətirdiyi çoxlu təhlükələr var. Söhbət nüvə müharibəsinin başlanması təhlükəsindən gedir. Sizin intuisiyanız nə deyir?

- Söhbət heç intuisiyadan da getmir. Mənim kifayət qədər yaşım var, ömrümdə çox şey görmüşəm. Mənim həqiqətən də ürəyimə daman məsələlər var. Bu xüsusi əməliyyatın başlayacağını da (bunu başqa cür adlandıra bilmərik) əvvəlcədən hiss etmişdim.

Mən “Dojd” telekanalını izləyirdim, “Exo Moskvı”ya qulaq asırdım. İndi artıq onlar yoxdurlar. Amma bilirdim ki, qarşıda bizi xüsusi əməliyyat gözləyir. Bu məni çox qorxutdu. Artıq bu xüsusi əməliyyatdan təmizə çıxmaq heç vaxt mümkün olmayacaq. İnsanların bu məsələyə görə mənim üzümə tüpürəcəyi vaxta qədər yaşamayacağam. Mənim Çexoslovakiya hadisələrindən sonra (Sovet İttifaqı qoşunları Çexoslovakiyaya 1968-ci ildə daxil olub - red.) Praqada başıma belə bir iş gəlib. “Sovremennik” teatrı qastrol səfərində idi. Biz gözəl küçələrin birində idik. Bizim texniki işçilər bir stolda, mən isə başqa stolda oturmuşdum, qarşımda da bir kişi var idi (o vaxt mənə elə gəldi ki, o, bir az sərxoş vəziyyətdədir). O məndən haralı olduğumu soruşdu. Mən SSRİ-dən, Rusiyadan olduğumu dedim. Və o mənə tərəf tüpürdü. Mən səbir etdim, bizim oğlanlara heç nə demədim, çünki dava düşə bilərdi. Amma o tüpürcəyi ömrümün sonuna qədər xatırlayacağam. Ukrayna tərəfdən də belə tüpürcəklər olacaq, bu mütləqdir. Baş verənləri bağışlamaq olmaz. Və məndə belə bir ehtimal var ki, bu xüsusi əməliyyatı doğuran dəlilik səviyyəsi bütün dünyanı qorxutmaq, güclü və ən vacib olduğumuzu göstərmək üçün dəhşətli (nüvə - red.) düyməni basmağı istisna etmir. Bu baş verə bilər.

Nair Əliyev

0.58044099807739