ALDP sədri: Bu müharibəyə geopolitik savaş kimi baxmaq lazımdır

Ukraynaya humanitar yardım edən Bakı Kremli qıcıqlandıran addımlar atmır, Türkiyə kimi danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirir, Moskvanı aqressivləşdirmək postmüharibə dövründə öz təsirlərini göstərə bilər

Rusiya - Ukrayna müharibəsi ölkələri böyük bir tarixi sınaqdan keçirməkdədir. Bu savaşda dövlətlərin tutduğu mövqe, sərgilədiyi siyasət postmüharibə dövründə öz təsirlərini qabarıq şəkildə göstərməyə başlayacaq. Ona görə Rusiya-Ukrayna müharibəsi həm də strateji bir qarşıdurmadır və bu mərhələdə ölkələrin yanaşması gələcəkdə münasibətləri aydınlaşdıracaq. Misal üçün, Belarusun açıq şəkildə Rusiyanı dəstəkləməsi, Çinin ehtiyatlı mövqeyi, Almaniya və Fransanın Qərb koalisiyasında sərt olmayan davranışları, Türkiyənin barışcıl mövqedən çıxış etməsi diqqət çəkməkdədir. Cənubi Qafqaz ölkələri də bu hadisələrdə həssaslıq göstərir - Ermənistan istisna olmaqla.

İrəvan Moskvanı az qala dəstəkləyir, Avropa Şurasından çıxarılmasının da əleyhinə səs vermişdi, Gürcüstan düşmən olsa da, Rusiya əleyhinə sanksiyalara qoşulmur, Azərbaycana gəldikdə, Ukraynaya humanitar yardım göstərmişik, ərazi bütövlüyünü dəstəkləmişik, vətəndaş cəmiyyəti ukraynalıların yanındadır, amma bununla belə, rəsmi siyasətdə Bakı Kremli qıcıqlandıran addımlar atmır, bəyanatlar vermir, əksinə, Türkiyə kimi biz də danışıqlara ev sahibliyi etməyə hazır olduğumuzu bildiririk. Təbii ki, bütün bu yanaşmaları Rusiya nəzərdən keçirir.

Amma bəzən cəmiyyətdən çağırışlar səslənir, müxalifət hakimiyyəti Rusiya əleyhinə cəbhədə dayanmağa dəvət edir, rus ordusunun etdiklərini rəsmi şəkildə pisləməyimizi istəyirlər. Əlbəttə ki, “Z” ordusunun Buça, Mariupol, Xerson, Xarkov və digər şəhərlərdə etdiyi müharibə cinayətləri lənətlənməlidir, amma rəsmi siyasət, dövlətlərarası münasibətlərin tənzimlənməsi heç də göründüyü qədər asan deyil. Üstəlik, torpaqları rus ordusu tərəfindən işğal edilmiş Gürcüstan belə bu addımı atmırsa, müttəfiqlik bəyannaməsi imzalamış Azərbaycan Rusiya ilə özünü niyə pis etməli, Moskvanı qəzəbləndirməlidir?

Onsuz da Ukraynaya hərtərəfli dəstək ifadə olunub və bundan artığını etməklə Moskva-Bakı əlaqələrini kor dalana salmış olarıq. Ukrayna müharibəsi başlayandan bəri Azərbaycanda anti - Rusiya çağırışları həddən artıq çoxalıb. Bu, tarixi yaddaşla da bağlıdır. Rusiyadan daim aqressiya, pislik görmüş toplumdan onu sevməsini gözləmək ağılsızlıq olar. Ancaq nəzərə almaq lazımdır ki, son 20-22 ildə Rusiyanın istər Qarabağ məsələsində, istər digər sahələrdə Azərbaycana böyük miqyaslı pislikləri olmayıb. Putinin hakimiyyətdə olduğu 2000-ci ildən üzü bəri Bakı ilə Moskvanın münasibətləri hamardır və heç vaxt bu iki ölkə toqquşmayıb. 44 günlük müharibədə isə Rusiyanın tutduğu mövqe Azərbaycanı tam qane edib.

Şuşa daxil olmaqla, böyük bir ərazimizi erməni işğalçılarından müharibə yolu ilə azad etdik. 3 rayonu - Ağdam, Kəlbəcər və Laçını isə döyüşsüz geri ala bildik. Bu proseslərdə Rusiya Azərbaycanın qarşısında dayanmadı. Qarşısında olsaydı - necə ki, 1988-ci ildən belə olub - bu qələbə, bu müsbət nəticələr mümkün olmayacaqdı. Təbii, burada Rusiyanın öz maraqları var. Fəqət Azərbaycan da tarixi, əlverişli imkanı əldən vermədi. Bununla da Rusiyanı neytrallaşdıra, onun Ermənistanın açıq müdafiəçisinə çevirilməsinin qarşısını ala bildi. İkinci Qarabağ müharibəsində qurulan beşli müttəfiqlik formatında (Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, İsrail) Rusiyanın yeri və rolu danılmazdır.

O zaman biz niyə Rusiyanı yenidən aqressivləşdirməliyik? Hətta bəzən fikirlər səslənir ki, Azərbaycanda gün-gündən alovlanan anti-Rusiya çağırışlarını Qərbin və İranın ölkəmizdəki agenturası körükləyir. Bəs hakimiyyət bu vəziyyətdən narahatdırmı? Proses Moskva ilə münasibətlərdə böhran yarada bilərmi?

Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Rusiyanın Ukraynada etdiklərinə heç kəs haqq qazandırmır, lakin bu müharibəyə geopolitik savaş kimi baxmaq lazımdır: “Bu, Rusiya-NATO müharibəsidir. Alyans silah verir, Amerika sanksiyalar qoyur və münaqişədə tərəf olaraq iştirak edirlər. Əslində Ukrayna poliqondur və Rusiya dünya ilə döyüşür. Ona görə bu geopolitik toqquşmada, dünyanın yenidən bölüşdürülməsi, supergüclərin qarşıdurmasında Azərbaycan kimi ölkələr ehtiyatlı, diqqətli siyasət yürütməlidirlər. Prezident müharibədən əvvəl Kiyevə getmişdi, Zelenski ilə görüşmüşdü, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmişdi. Həmçinin humanitar kömək etmişik və Ukrayna prezidenti də müharibəni gedişində azərbaycanlı həmkarına zəng etməklə bizim tutduğumuz mövqeni də qiymətləndirmiş oldu. Bugünlərdə Türkiyə lideri Ərdoğan da jurnalistlərlə söhbətində demişdi ki, Putini ən yaxşı tanıyanlardan biri İlham Əliyevdir. Yəni bu faktorlar özü təsdiqləyir ki, Azərbaycan strateji siyasətini düzgün qurub”.

ALDP sədrinin fikrincə, xalqdan rus ordusunun hərəkətlərinə etirazların olması normaldır, amma bütövlükdə anti-Rusiya kampaniyasında, bu ritorikanın güclənməsində Azərbaycandakı qərbpərəstlərin təbliğat rolu az deyil: “Biz Qarabağda və regiondakı planları nəzərə alaraq, Rusiya ilə münasibətləri qəti şəkildə kəskinləşdirməli deyilik. Azərbaycan Rusiya və Türkiyə ilə birgə ortaq addımlar atmalıdır”.


“Yeni Müsavat”

0.075813055038452