Ədalət Vəliyev iqtidar-müxalifət dialoqu çərçivəsində görüşləri davam edir
Mayın 12-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı şöbə müdiri Ədalət Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan dialoq mühiti siyasi sabitliyin əsası olmaqla yanaşı, dayanıqlı inkişafı təmin edən əsas amillərdən biridir.
Vətən müharibəsi dövründə ölkədə təmin edilən siyasi və milli həmrəyliyin dövlətin təməl prinsiplərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayan Ədalət Vəliyev gələcəkdə də bu istiqamətdə aparılan iqtidar-müxalifət dialoqunun davam edəcəyini söyləyib. Yeni siyasi konfiqurasiyanın inkişafı üçün bütün partiyalarla konstruktiv münasibətlərin qurulmasının çox vacib olduğu qeyd edilib. Şöbə müdiri işğaldan azad olunmuş Ağdam və Şuşa şəhərlərinə partiya sədrlərinin birgə səfərləri barədə söz açarkən bildirib ki, belə səfərlər gələcəkdə də təşkil olunacaq.
Görüş zamanı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqunu yüksək qiymətləndirib. Azərbaycanda bütün siyasi qüvvələrin ümummilli məsələlərdə və dövlətçiliyin möhkəmlənməsində vahid güc formasında olmasının vacibliyi qeyd edilib. Bu halın həm də sağlam münasibətlərin bərqərar olmasına və siyasi mədəniyyətin yüksəlməsinə zəmin yaratdığı bildirilib. Dövlətin dialoqla bağlı bütün təşəbbüslərini dəstəklədiyini qeyd edən Elşad Musayev həmrəylik və sabitlik kimi amilləri hər bir ölkənin strateji resursu olaraq dəyərləndirib. Siyasi dialoq təcrübəsinin şaxələnməsinin dayanıqlı ənənələrin formalaşmasında əvəzolunmaz əhəmiyyətə malik olacağını vurğulayan partiya sədri bildirib ki, bu cür təcrübə mütləq şəkildə yeni uğurlu nümunələrlə zənginləşdirilməlidir. Əldə olunmuş Qələbə və ölkənin müxtəlif beynəlxalq təşəbbüsləri sayəsində Azərbaycanın dünya siyasi arenasında çəkisinin əsaslı şəkildə artdığı vurğulanıb.
Digər məsələlərlə yanaşı, görüş çərçivəsində İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış ilə bağlı mövzular da geniş müzakirə olunub.
Sonda Elşad Musayev görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi partiyanın iqtidarla müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək verməyə hazır olduğunu qeyd edib.