Nizami Verdiyev: Dialoqun davamlılığının tərəfdarıyam

“İllər boyu müxalifət partiyalar iqtidar-müxalifət siyasi dialoqunun başlamasını istəyiblər. 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu təsdiqləndikdən, ilk dəfə olaraq, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldıqdan, Prezident İlham Əliyevin sərəncamı ilə  Ədalət Vəliyev  həmin şöbənin müdiri təyin edildikdən sonra dövlət başçısının iradəsi ilə sözün əsl mənasında iqtidar-müxalifət dialoqu baş tutdu. İki il ərzində həm onlayn, həm də şəxsi görüşlər olub. Bu tədbirlər zamanı, partiya sədri Fuad Əliyev tərəfindən bir çox məsələ qaldırılıb və həllini tapıb. Bu, Prezidentin iradəsi ilə reallaşan iqtidar-müxalifət dialoqunun hər bir vətəndaşın xeyrinə olduğunu göstərir.”

Bu fikirləri Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev siyasi dialoqla bağlı Baku News-a açıqlamasında bildirib.

Siyasi dialoqun mütəmadi təşkilini yüksək qiymətləndirdiyini söyləyən Nizami Verdiyev bu dialoqun davamlılığının tərəfdarı olduğunu vurğuladı: 

“Ümid edirəm ki, indi postpandemiya dövründə siyasi dialoq daha intensiv xarakter daşıyar. Çünki bu dialoq nəticəsində iqtidar-müxalifət münasibətlərinin yaxşılığa doğru dəyişməsinin şahidi oluruq. İstərdim ki, bu münasibət daha da yaxınlaşsın və dərinləşsin.

Partiya rəsmisi vurğuladı ki, ALDP olaraq siyasi islahatlarla bağlı bir neçə təklif veriblər: “Hətta parlamentin proporsional sistem əsasında seçilməsi ilə bağlı Administrasiyaya təkliflər göndərmişik. Ümid edirəm ki, bu istiqamətdə yenilik olacaq. Yəqin ki, qarşıdan gələn aylarda bu və digər məsələlər müzakirəyə çıxarılacaq. Hesab edirəm ki, bu, gələcəkdə partiyaların  işində təkan verəcək,  partiyadaxili işlər də düzələcək, sağlam rəqabət olacaq. Bu da partiyaların inkişafına gətirib çıxaracaq".

0.057129859924316