ALDP sədri: Ziyalı harda özünü göstərsin, danışsın ki, insanlar onları dinləsin

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.

– Cəmiyyətdə belə bir aksioma yaranıb: “Uğur qazanırsansa qalibsən”. Fuad müəllim, belədirsə, bizlər nəyi qalib tərəfi mühakimə edirik, onları qəbul etmirik?

– “Qaliblər mühakimə olunmur”- belə deyirlər. Siyasi prosesləri misal kimi çəksək, əgər seçkidə bərabər şəkildə iştirak etsək, heç kəs əvvəldən kimin qalib gələcəyini bilməz. Amma bərabərsizlik mühitində seçkilərə qatılıb bütün vasitələri öz xeyrinə istifadə edəndə təbii ki, əvvəldən kimin qalib olunacağı da bilinir. Bununla razılaşmaq olmur. Demokratik seçkilər keçirilərsə qalib gəlmək üçün qanuni yollar var.

– Cəmiyyətlə işləməyin çətinləşdiyini nəzərə alsanız, qalib olmaq üçün hansı yolları arayırsınız?

– Burda yeni texnologiyalar işlənməlidir. Biz, gənclərimizlə birlikdə yeni layihələr üzərində işləyir və müxtəlif kampaniyalara qoşuluruq. Artıq müəyyən çağırışlara reaksiya veririk. Bunun da nəticələrinin müsbət olacağına inanırıq.

Bu gün yeni texnologiyalar üzərində işləmək zəruridir. Çünki əvvəllər hər hansı mitinqdə böyük meydanlar dolurdusa, indi çağırışlara balaca bir stadionun yarısı qədər insan gəlmir. Hətta bu mitinqlərə partiya üzvləri də qatılmırlar. Ən ağrılı məsələlərdə insanlar toplaşmırsa, deməli başqa vasitələr seçilməlidir.

– Nəyə görə cəmiyyətdə “yüngüllük” daha cazibəli görünür? Mən bunu bütün sahələrə aid edə bilərəm, siyasətdən tutmuş incəsənətə qədər…

–Çox təəssüf ki, bu yolu təbliğ edənlər daha çoxdur. Bu prosesdə televiziyalar xüsusilə öndə dayanır və gənclərimiz də baxıb onlar kimi olmaq və qazanc əldə etmək istəyir. Sözsüz ki, pul lazımlıdır. Amma çalışmaq lazımdır ki, onu qazanarkən daxili mənliyini itirməyəsən. Çoxları o yolu məcburiyyət qarşısında seçiblər. Amma cəmiyyətin sosial-iqtisadi problemləri düzələrsə, hər şey başqa cür inkişaf edə bilər.

– Cəmiyyətimizin şouya meyilli olduğunu qeyd edənlər eyni zamanda bunun günahını aydınlarda, ziyalılarda görür.

– Ən güclü təbliğat maşını televiziyadır. Amma ziyalılarımız var ki, müxalif fikirli olduqlarına görə verilişlərə çıxa bilmirlər. İnternetə çıxsalar da, bu da çox məhduddur. Əvvəllər ayrı-ayrı yerlərdə, eləcə də Qubernator bağında poeziya gecələri olurdu. Çox insanlar o yerlərə gedib dincəlirdilər. İndi belə şeylər də yoxdur. Ziyalı harda özünü göstərsin, danışsın ki, insanlar onları dinləsin. Baxırsan ki, aparıcılar da sünidir. Bizdə hər şey sünidir. Televiziyalarımız maraqlı heç nəyi ifadə etmir.

0.10748696327209