Partiya lideri: Vaşinqton Azərbaycanın enerji təhlükəsizliyi sahəsində nəhəng layihələrini dəstəkləyib
ABŞ müstəqil Azərbaycana həmişə önəm verib, xüsusilə həm ümummili lider, həm də Prezident İlham Əliyevin hakimiyyəti dönəmində. 44 günlük İkinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm qələbədən sonra Vaşinqton Bakının gücünü gördü, eyni zamanda sülhün əldə olunması ilə bağlı təşəbbüslərini dəstəklədi. Bu ABŞ kimi hegemon bir dövlətin Azərbaycana verdiyi önəm, göstərdiyi diqqətdir.
Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubuna münasibətində deyib.
ALDP sədri qeyd edib ki, Vaşinqton Azərbaycanın enerji təhlükəsizliyi sahəsində təşəbbüs və nəhəng layihələrini də dəstəkləyib:
"Bu məktubda da ABŞ prezidentinin 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyər özünü göstərir. Eyni zamanda Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynamasıa verilən mühüm əhəmiyyətdir".
Fuad Əliyev qeyd edib ki, ABŞ Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə rolunu da həmişə yüksək dəyərləndirib:
"Ölkəmizin İraq, Əfqanıstan və Kosovada sülhməramlı missiyası bunun bariz nümunəsidir. Bundan başqa ölkəmiz NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi aparır, siyasi müzakirələrdə iştirak edir, milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlığı həyata keçirir. Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb".
ALDP sədrinin fikrincə, Azərbaycanın yerləşdiyi geostrateji bölgə də münasibətlərin inkişafına təkan verir. Rəsmi Bakı ilə sıx təmasların həyata keçirilməsi bunu deməyə əsas verir. Hazırki proseslər fonunda NATO-nun Baş katibi Yens Stoltenberq, ABŞ-ın Dövlət Katibi Entoni Blinken və nəhayət ABŞ Prezidenti Co Baydenin Azərbaycanla təmaslar qurması onu göstərir ki, ölkəmiz Avroatlantika strukturları üçün böyük maraq kəsb edir.