Partiya sədri: Co Bayden əmin etmək istəyir ki, ABŞ Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir

Azərbaycan dünyanın iqtisadi cəhətdən fövqəldövləti olan ABŞ-la sıx iqtisadi əlaqələri var. ABŞ kimi dünyanın fövqəldövləti ilə Azərbaycan arasındakı münasibətləri şərtləndirən əsas amillərdən biri də Azərbaycanın ABŞ-ın milli mənafeləri baxımından əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii ehtiyatlara, xüsusən, neft yataqlarına malik olması və beynəlxalq prinsiplərə uyğun, sivil və müstəqil siyasət yeritməsi ilə bağlıdır.
Bunu “Xalq Cəbhəsi”nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə bu gün ünvanladığı məktubuna münasibətində deyib.
ALDP sədri qeyd edib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanda müstəqillik haqqında Konstitusiya aktı qəbul ediləndən sonra onun müstəqilliyini ilk tanıyan dünya dövlətlərindən biri də ABŞ olub. ABŞ tərəfindən Azərbaycanda daxili siyasət, həyata keçirilən demokratik dövlət quruculuğu prosesləri, hüquqi və iqtisadi islahatlar, ictimai-siyasi həyatın demokratikləşdirilməsi, bazar iqtisadiyyatı və dünya birliyinə inteqrasiya istiqamətində atılan mühüm addımlar və bunun Azərbaycanın mövcud vəziyyətində əks olunması çox yüksək qiymətləndirilb:

“Bayden məktubunda qeyd edir: “Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir”. ABŞ həqiqətən də Azərbaycanın iqtisadi gücünü, həyata keçirdiyi nəhəng regional iqtisadi layihələrin şahidi olub. Nəinki Vaşinqton, digər supergüclər də enerji təhlükəsizliyini təmin etmək üçün ötən illərdə Azərbaycan hökumətinin həm xarici siyasət sahəsində, transmilli və regional aləmlə sistemli iş apardığını dəstəkləyiblər. Bu gün Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir”.
Fuad Əliyev əlavə edib ki, Azərbaycan dövlətinin neft-qaz kəmərlərini şaxələndirməsi təkcə ölkənin enerji təhlükəsizliyinə xidmət etmir, eyni zamanda, transmilli enerji ixracının daha səmərəli və məqsədyönlü təşkilinə müsbət təsirini göstərir:

“Bu gün Xəzər hövzəsindən neftin və qazın dünya bazarlarına çatdırılması yollarının şaxələndirilməsi ABŞ və Qərb dövlətlərinin geosiyasi maraqlarına da tam cavab verir. Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul etməsi, Avropa İttifaqı - Azərbaycan əlaqələrini strateji səviyyəyə yüksəltməsi rəsmi Vaşinqtonun da maraqlarına uyğundur. ABŞ-a güclü, inkişaf edən Azərbaycan lazımdır ki, rəsmi Bakı bu yoldadır”.

0.18032908439636